Xəbərlər

Fransızların Sena boyda dərdi var

03 oktyabr 2023 228

Növbəti il bütün dünyanın diqqəti Fransa paytaxtı Parisə yönələcək. Tarixdə 3-cü dəfə (1900,1924) dəfə Paris Olimpiya Oyunlarının
keçirildiyi şəhər olacaq. Olimpiya Oyunlarına 1 ildən bir az qalmasına baxmayaraq, təşkilatçı ölkə bir sıra çətinliklərlə üz-üzə qalıb.
Onların içərisindən evsiz küçə sakinlərinin həddindən artıq çoxluq təşkil etməsi, kütləvi etirazlar, maliyyə çətinliyi və neçə-neçə məsələlər
hələ də öz həllini tapmayıb. Bir müddət həmin problemlərdən daha biri yerli Təşkilat Komitəsi üçün yeni maneələr yaradıb. Məlum olub
ki, olimpiadanın açıq suda üzgüçülük və triatlon yarışlarının keçirilməsi üçün seçilmiş Sena çayı çirkli hövzə kimi hələ də qalmaqdadır.
Uzun illərdir yerli hökumət tərəfindən Sena çayının təmizlənməsi milyardlar hesabına həyata keçirilsə də, bu hələ də səmərə verməyib.
Olimpiada ərəfəsində bir neçə test yarışı təşkil olmasına baxmayaraq, hələ də Sena çayı lazımi standartlara uyğun gəlmir. Vaxt isə
getdikcə azalır.

 

Federasiyaların etirazı haqlıdır
Bir müddət əvvəl para-triatlon üzrə dünya kubokunun Paris mərhələsində ciddi dəyişiklik oldu. Beynəlxalq Triaton Federasiyası bu
yarışdan imtina etdi. Vəziyyəti belə görən yerli Təşkilat Komitəsi triatlonu (üzgüçülük, velosiped və qaçış) duatlonla (velosiped və qaçış)
əvəzləməli oldular. Səbəb isə aydındır. Sena çayından götürülən testlər suyun çirkli olmasını müəyyənləşdirmişdi. Göründüyü kimi, çayın
suyunda hələ də çirklənmə qalır. Beynəlxalq Triaton Federasiyası ilə yanaşı FINA da idmançıları Sena çayında keçirilən açıq suda üzmə
yarışlarında iştirak etməməyə çağırıb.

 

Parisin ürəyindən keçən çirkli damar
Paris şəhərinin meri Ann İdalqo KİV nümayəndələri ilə görüşdə, eləcə də Olimpiya Oyunlarına hazırlıq məqsədi ilə keçirilən tədbirlərdə
çıxış edərək, vəziyyətin düzələcəyini vəd edib. Lakin İdalqo özü də yaxşı bilir ki, bu qısa zaman ərzində öhdəsindən gəlinə bilən adi bir
məsələ deyil. Mətbuatı belə boş və quru vədlərlə sakitləşdirmək olmaz. Bəs Sena çayı belə vəziyyətə hansı səbəbdən düşüb?
“Çirkli Sena” illərdən bəri nəsillərin gözü qarşısında yararsız bir vəziyyətə düşüb. 1923-cü ildən etibarən yerli hakimiyyət orqanları
Senada insanların çimməsinə qadağa qoyub. Ətrafdakı zavod və fabriklərdən axıdılan çirkab sular Senanı tanınmaz hala salıb. Daha
əvvələ nəzər salsaq, XVI əsrdə ölkədə baş vermiş protestant və katoliklər arasında müharibələr zamanı həlak olanların cəsədləri Sena
çayına atılırdı. Bu fakt bir daha özünü sübut edir ki, uzunluğu 776 km, üzərində bir sıra tarixi körpülərin olduğu, ətrafının al-əlvan işıqlarla
bəzədildiyi Sena əslində daxilən ölü bir su hövzəsidir. Tez-tez ölkədə baş verən hadisələrə kütləvi etirazlar edən fransızlar nədənsə
Parisin ürəyindən keçən bu çirkli çaya görə susmalı olublar. Bu susqunluq isə əsrlərdən üzü bəri gəlib, dövrümüzə çatıb.

 

Fransızların alternativ variantı yoxdur?
Paris meri əvvəllər bildirirdi ki, Senanı “diriltmək” olar. Rəsmi rəqəmlərə görə suyun təmizlənməsi üçün Fransa hökuməti 3 milyard avro
xərcləyib. Bunun üçün dünyanın fərqli ölkələrindən mütəxəssislər cəlb olunub, ən son texnologiyanın imkanlarından istifadə edilib.
Maraqlıdır ki, Parisə yağış yağan kimi Senanın hansı vəziyyətdə olması dərhal üzə çıxır. Təşkilat Komitəsi Paris-2024-də triatlon və açıq
suda üzmə yarışlarının keçirilməsi üçün alternativ su hövzəsi axtarışına başlayıb. Onlar yaxşı başa düşürlər ki, olimpiada zamanı yağış
yağsa, dünya şöhrətli idmançıların heç biri yarış üçün öz sağlamlığını təhlükəyə atıb, çaya girməyəcək. Odur ki, Təşkilat Komitəsindən
gələcək qərar və xəbərləri gözləyək.