Xəbərlər

Həsrət Cəfərov: Olimpiya Oyunlarına ən yaxşı şəkildə hazırlaşacağıq

26 sentyabr 2023 194

Yarımfinalda erməni güləşçiyə qalib gəlsəm də, mənim üçün rəqibin fərqi yoxdur. Heç birini ayırd etmirəm. Qarşılaşdığım bütün rəqiblərimə ciddi yanaşıram.

AZƏRTAC xəbər verir ki, bu sözləri Serbiyanın paytaxtı Belqradda keçirilmiş dünya çempionatında gümüş medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

67 kiloqram çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxan idmançı 1/4 finalda iranlı Məhəmmədrza Gerai üzərində qazandığı 10:0 hesablı qələbəni də şərh edib: “2021-ci ildə Oslo şəhərində məğlub olduğum iranlı güləşçiyə bu dəfə qalib gəldim. O vaxt gənc idim, səhvlərim çox idi. Yarışdan sonra Vətənə gəlib, həmin səhvlərimin üstündə xeyli işlədim və nəticəsini gördüm”.

Dünya çempionatında “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanan H. Cəfərov bildirib ki, nüfuzlu yarışdan əvvəl baş məşqçi ilə birlikdə səhvlərini analiz edəcək: “Olimpiadaya lisenziya əldə etməyim qürurverici hissdir. Amma hansısa yarışdan öncə hədəflərim haqqında danışmağı xoşlamıram. Təkcə onu deyə bilərəm ki, hər birimiz əlimizdən gələni edəcək, Oyunlara ən yaxşı şəkildə hazırlaşacağıq”.