Xəbərlər

İdmanda dopinqin yeni növü

28 noyabr 2023 261

Ötən həftə dəniz soxulcanları dünya idman aləmində səs-küy yaradıb. Bu, onurğasız hemoqlobinin oksigeni daha səmərəli daşımaq qabiliyyətinə əsaslanan preparatın yaradıcısı doktor Frank Tsalın sayəsində baş verib.

O, 2020-ci ildə yeni məhsulun ortaya çıxmasından az sonra ona dopinq baxımından ən çirkli idman növü - şose velosipedinin yüksək səviyyəli nümayəndəsinin müraciət etdiyini bildirib.

F.Tsal Fransanın “l'Equipe” nəşrinə müsahibəsində deyib: “Komandası “Tour de France” turnirində yarışan tanınmış velosipedçi mənimlə əlaqə saxladı, çünki onun bu dərmana ehtiyacı var idi. Bu maddəni necə əldə edəcəyi ilə bağlı bir neçə idmançı da bizə müraciət edib. Mən, hətta onu yarış atlarına vermək imkanı barədə də öyrəndim”.

Alim hadisə barədə dərhal polisə məlumat verib və qanun keşikçiləri ondan mümkün dopinq paylama şəbəkəsi yaratmaq üçün idmançı ilə yazışmanı davam etdirməsini istəyib. Lakin bu, çox çəkməyib: “Bir-birimizə ona yaxın məktub göndərdik, amma nə vaxtsa öz-özümə dedim ki, bu, mənim yox, onların işidir”, -deyə Tsal qeyd edib.

İstintaqın nəticəsi barədə məlumat verilməyib, lakin Tsalın açıqlamalarından sonra bir çoxları onun dərmanının indi nadürüst idmançılar arasında populyar olub-olmaması, xüsusən də Avropada bu preparatı satın almağın olduqca asan olması ilə maraqlanıb.

Ümumdünya Antidopinq Agentliyi (WADA) və bir sıra digər ekspertlər narahatlığa əsas olmadığına əmindirlər. Baş antidopinq qurumu TASS-ın sorğusuna belə cavab verib: "WADA bir neçə ildir ki, bu məhsuldan yaxşı xəbərdardır və biz onun istehsalçısı olan “Hemarina” şirkəti ilə əlaqə saxlayırıq. Hər hansı qadağan olunmuş üsul kimi, biz dopinqlə mübarizədə də həssas olmağa davam etməli, riskləri izləməli və heç kimin haqsız üstünlük qazanmaq üçün ondan istifadə etməməsinə nəzarət tədbirləri görməliyik”.

Agentlik daha sonra əlavə edib: "Lakin hələ də onun idmançılar tərəfindən atletik çıxışlar kontekstində istifadə edilməsinə dair heç bir sübut yoxdur və dəniz soxulcanlarının hemoqlobin səviyyələri üçün bugünədək müsbət hallar aşkar edilməyib. Məhsulun bədəndə qısa və yarımçıq ömrü ciddi problem deyil, çünki hər hansı bir qabiliyyəti gücləndirmək üçün "oksigen nəqli bir maddənin mövcudluğu ilə yüksək korrelyasiya olunur, yəni bir dəfə onu aşkar etmək mümkün olmadıqda, oksigen ötürülməsində hər hansı bir sürətlənmə də yox olur".

WADA hollandiyalı ekspert Piter van Enu ilə eyni fikirdədir. O etiraf edib ki, soxulcan hemoqlobini oksigeni 40 dəfə daha səmərəli daşıya bilir, lakin onun istifadəsini gizlətmək demək olar ki, mümkün deyil. "Bunu aşkar etmək olduqca asandır: normal qanda plazma sınaqdan keçirildikdə sarıya çevrilir, “Hemarina” kimi sintetik hemoqlobinlə isə o, qırmızı olur. Buna görə də narahat olmağa dəyməz. Ancaq bir velosiped komandasının çimərlikdə soxulcan axtardığını görsəniz, mənə zəng edin", -deyə ekspert vurğulayıb.