Xəbərlər

II MDB Oyunlarında ölkəmizi təmsil edən millimiz Vətənə qayıdıb

14 avqust 2023 199

Avqustun 14-də Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında 4-cü yeri tutan Azərbaycan millisi Vətənə qayıdıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qızıl medalı qazanmaq üçün təcrübə yetərsizliyi yaşadığını qeyd edən II MDB Oyunlarında bürünc medal qazanmış Azərbaycan samboçusu Rəsul Aydəmirov növbəti oyunlarda daha yaxşı nəticə göstərməyə çalışacağını vurğuladı.

98 kiloqram çəki dərəcəsində fəxri kürsüyə qalxan idmançı 3-cü yeri tutduğu üçün sevincli olduğunu bildirib: “Mən gənclər arasında güləşirəm. Böyüklər arasında ilk yarışım idi. Qarşıda dünya çempionatı var, orada birinci yeri tutmağa çalışacağam. Hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, Azərbaycan millisi Belarusda keçirilən II MDB Oyunlarında yarışı 62 medalla başa vurub. İdmançılarımız 10 qızıl, 17 gümüş, 35 bürünc medal əldə ediblər. II MDB Oyunlarında komanda hesabında ən yaxşı nəticəni 288 medalla (149 qızıl, 89 gümüş, 50 bürünc) Rusiya yığması göstərib. Belarus millisi 236 medalla (48 qızıl, 78 gümüş, 110 bürünc) ikinci, Özbəkistan isə 106 medalla (28 qızıl, 25 gümüş, 53 bürünc) üçüncü yeri tutub.

Qeyd edək ki, III MDB Oyunları 2025-ci ildə Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncədə keçiriləcək.