Xəbərlər

Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin nümayəndələri Baş Assambleyanın iclasında iştirak ediblər

15 aprel 2024 51

Beynəlxalq Kəndirlə Mübarizə Federasiyasının (TWIF) təşkilatçılığı ilə İngiltərənin Nottingem şəhərində Baş Assambleyanın iclası keçirilib.

 

Ölkəmizi AKMİC-in prezidenti Elnur Şıxəliyev və digər rəsmi şəxslər təmsil ediblər.

 

İclasdan əvvəl beynəlxalq federasiyanın prezidenti Dan Mak Karti tədbiri açıq elan edib. Sonra qurumun vitse-prezidenti Jost Vaser "DEUSTO" araşdırma və gələcək planlar, Çeqduda keçiriləcək Dünya Oyunlarından sonra açıq və qapalı çəki dərəcələri üzrə yeniliklər olacağı barədə danışıb. Antidopinq komissiyasının sədri Pete Dyer antidopinq qaydaları haqqında iştirakçılara məlumat verib.

 

Sonra Beynəlxalq Federasiyanın baş katibi Maakie Hornstra 2023-cü ildə İsveçrədə (out door) və 2024-cü ildə İsveçdə (indoor) təşkil olunmuş Dünya çempionatlarının qiymətləndirmə hesabatını təqdim edib.

 

Daha sonra 2024-cü ilin sentyabr ayında Almaniyanın Mannheim şəhərində (outdoor) Dünya çempionatının, 2025-ci ildə İngiltərənin Nottingem şəhərində (outdoor) Avropa çempionatının, 2026-cı il Tayvanda (indoor) Dünya çempionatının və 2026-cı il Cənubi Afrikada (outdoor) təşkil olunacaq Dünya çempionatının təqdimatı keçirilib.

 

Tədbirdə 2028-ci ildə (indoor) Dünya çempionatının İtaliyada keçirilməsi üçün həmin ölkənin namizədliyi təsdiq olunub.

 

Həmçinin iclasda Kamerun Kəndirlə Mübarizə Assosiasiyası beynəlxalq federasiyaya üzv qəbul olunub.

 

Tədbir iştirakçıları 2025-ci ildə Nottingem şəhərində təşkil olunacaq Avropa Çempionatı üçün nəzərdə tutulan əraziyə baxış keçiriblər.