Xəbərlər

Kikboksinq üzrə XXVII Azərbaycan Çempionatı və Birinciliyinin təntənəli açılış mərasimi keçirilib

22 sentyabr 2023 193

Bakı İdman Sarayında Kikboksinq üzrə XXVII Azərbaycan Çempionatı və Birinciliyinin təntənəli açılış mərasimi keçirilib.

Milli Məclisin Gənclər və idman komitəsinin deputatları, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, idman ictimaiyyətinin iştirakı ilə keçirilən açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Milli Məclis sədrinin müavini, Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev bugünkü qüdrətli Azərbaycanın inkişafının məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olduğunu, Ümummilli Liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini vurğulayıb.

Ölkəmizdə ordu quruculuğuna, bədən tərbiyəsinə ayrılan yüksək diqqət və qayğı nəticəsində rəşadətli Ordumuzun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi tarixi Qələbədən söz açan A.Əliyev, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə qanunsuz erməni silahlı dəstələrinə qarşı uğurla həyata keçirilmiş lokal antiterror tədbirləri ilə əlaqədar məlumat verib və 24 saatdan az vaxtda separatçıların təslim olmaq məcburiyyətində qaldıqlarını vurğulayıb. Bildirib ki, qazanılmış Zəfərə görə dövlət başçısına, rəşadətli Ordumuza, xüsusən də bu yolda canını qurban vermiş şəhidlərimizə borcluyuq. Qələbəmizin memarları olan qəhrəmanlar Vətən yolunda canlarını fəda edərək, bizə tarixi Qələbə bəxş ediblər.

Bu gün Azərbaycan Kikboksinq Federasiyasının 30 illiyinin təntənəli qeyd olunduğunu bildirən A.Əliyev, Federasiyanın keçdiyi tarixi yoldan da danışıb.

Daha sonra çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev Federasiyanın qazandığı uğurlardan, ölkəmizdə idman siyasətinə ayrılan yüksək diqqət və qayğıdan bəhs edib. Habelə, yarışlar barəsində məlumat verərək, göstərilmiş yüksək nəticələri diqqətə çatdırıb.

Tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov idman siyasətinin uğurlarından danışaraq, keçirilən bu cür yarışları yüksək qiymətləndirib.

Daha sonra yarışlara start verilib və idmançılar müxtəlif çəki dərəcələrində öz güclərini göstəriblər.