Xəbərlər

Kriterium üzrə Azərbaycan Kubokunun II mərhələsinə start verilib

06 sentyabr 2023 278

Sentyabrın 6-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedinin kriterium növü üzrə Azərbaycan Kuboku yarışının II mərhələsinə start verilib.

 

Lənkəran şəhərində keçirilən turnirin ilk günündə 2010-2011-ci il təvəllüdlü oğlanlar (13 nəfər) 5 km, 2009 (14 nəfər) və 2006-2008-ci il təvəllüdlü oğlanlar (19 nəfər) isə 10 km məsafəyə fərdi ötüşmə növündə mübarizə aparıblar. 

 

Start və finiş yeri Bayraq Meydanının yaxınlığında olan yarışda idmançılar Heydər Əliyev prospekti ilə hərəkət ediblər.

 

2010-2011-ci il təvəllüdlü oğlanlar arasında Timur Rəcəbov (ROEQİUGVM, 09:07:32) bütün rəqiblərini qabaqlayaraq birinci, Nizami Cavadlı (Təhsil RİM, 09:45:61) ikinci, Artyom Sokolov (ROEQİUGVM İsmayıllı, 09:53:46) üçüncü yerə layiq görülüblər.

 

2009-cu il təvəllüdlü oğlanların mübarizəsində Çingiz İsayev (ROEQİUGVM, 16:30:78) qızıl, Nihad Xudoyev (ROEQİUGVM, 16:47:15) gümüş, Tunar Sadıqlı (Təhsil RİM, 16:58:58) bürünc medal qazanıb.

 

2006-2008-ci il təvəllüdlü oğlanların yarışında isə Tural İsrafilov (ROEQİUGVM, 14:05:75) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Artyom Proskuryakov (Təhsil RİM, 15:18:41) ikinci, Ravi Rzayev (ROEQİUGVM, 15:53:12) üçüncü yerlə kifayətləniblər.

 

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib. İdmançılara mükafatları Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və AVF-nin baş katibi Elnarə Musayeva təqdim ediblər.

 

Nəzərinizə çatdıraq ki, AVF-nin Gəncə şəhərində fəaliyyət göstərən filialının idmançıları ilk dəfə olaraq rəsmi ölkədaxili yarışa qatılıblar. Onlarla yanaşı, İsmayıllı velosipedçiləri də turnirdə uğurlu mübarizə ilə yadda qalıblar.

 

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən turnir sentyabrın 8-də başa çatacaq. Yarışın ikinci günündə idmançılar cüt ötüşmə, üçüncü - sonuncu günündə isə kriterium növü üzrə güclərini sınayacaqlar.