Xəbərlər

Milli idman federasiyaları üçün “Təhlükəsiz idman” proqramı başa çatıb

05 iyun 2026 - 13:15 39

Milli Olimpiya Komitəsinin (MOK) milli idman federasiyalarının nümayəndələri üçün təşkil etdiyi “Təhlükəsiz idman” proqramına iyunun 5-də yekun vurulub.

 

MOK-un inzibati binasında keçirilən təltifetmə mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri, AƏOH-un İcraiyyə Komitəsinin üzvü Xəzər İsayev, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov, MOK-un Atletlər Komissiyasının sədri Fəridə Əzizova və federasiya nümayəndələri iştirak ediblər.

 

İki gün davam edən proqramın əsas məqsədi idman mühitində təhlükəsizliyin təmin olunması, risklərin minimuma endirilməsi və beynəlxalq standartlara uyğun fəaliyyət mexanizmlərinin tətbiqi olub.

 

Mərasimdə çıxış edən Çingiz Hüseynzadə proqramın əhəmiyyətini vurğulayaraq bildirib ki, Milli Olimpiya Komitəsi 2023-cü ildən etibarən təhlükəsiz idman məsələlərinə xüsusi diqqət ayırır:

 

“Ümid edirəm ki, proqram hər bir iştirakçı üçün faydalı olub. Son üç il ərzində təhlükəsiz idman mövzusuna həsr olunmuş üç beynəlxalq forum təşkil etmişik. Həmin forumlarda xarici ölkələrin qabaqcıl mütəxəssisləri iştirak ediblər. Eyni zamanda, bu sahədə öz beynəlxalq səviyyəli mütəxəssislərimizi hazırlamağa nail olmuşuq. Son İslam Həmrəyliyi Oyunlarında təhlükəsiz idmanla bağlı bütün məsələlər artıq yerli mütəxəssislərimiz tərəfindən həyata keçirilirdi. Məqsədimiz federasiyalarda bu istiqamətdə işin daha səmərəli təşkili və hər bir federasiyada təhlükəsiz idman üzrə məsul şəxsin fəaliyyət göstərməsidir”.

 

Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim edilib, xatirə şəkilləri çəkdirilib.

 

Qeyd edək ki, tədbirin ilk günündə MOK-un Beynəlxalq Proqramlar Departamentinin rəhbəri Ceyhun Rəhmanov təhlükəsiz idmanın müasir idman idarəçiliyinin əsas prioritetlərindən biri olduğunu bildirib. 

 

Daha sonra BOK tərəfindən sertifikatlaşdırılmış MOK-un təhlükəsiz idman üzrə inspektoru Vaqif Əliyev “Təhlükəsiz idman” təşəbbüsü ilə bağlı təqdimatla çıxış edərək konsepsiyanın mahiyyəti və federasiyalarda tətbiq mexanizmləri barədə ətraflı məlumat verib.

 

Proqram çərçivəsində BOK tərəfindən sertifikatlaşdırılmış MOK-un təhlükəsiz idman üzrə inspektoru Ayan Xankişiyeva tərəfindən siyasət və normativ sənədlərin strukturu, beynəlxalq təcrübə və metodiki materiallar təqdim olunub. Həmçinin risklərin qiymətləndirilməsi və idarə olunması sahəsində praktiki metodlar müzakirə edilib, real nümunələr əsasında təhlillər aparılıb.

 

Tədbirin ikinci günü hadisələrin araşdırılması, hesabatlılıq mexanizmləri və müdafiə tədbirlərinə həsr olunub. Qlobal idman aləmində baş vermiş müxtəlif hadisələr nümunə kimi təqdim edilib, onların təhlili aparılıb və çıxarılan nəticələr iştirakçılarla bölüşülüb.

 

 

Milli Olimpiya Komitəsinin mətbuat xidməti