Xəbərlər

Milli Olimpiya Komitəsində idman könüllüləri ilə görüş olub

08 noyabr 2024 208

Noyabrın 8-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında idman könüllülərinin mükafatlandırma mərasimi keçirilib.

 

Mərasimdə Milli Olimpiya Komitəsinin idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq proqramlar idarəsinin müdiri Anar Bağırov, MOK-un Atletlər Komissiyasının sədri, Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov, MOK-un sosial media şöbəsinin aparıcı məsləhətçisi İntiqam Səfərov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) idman klubunun rəhbəri, Əməkdar məşqçi Ramin Allahverdiyev, könüllülər, tələbələr və idmançılar iştirak ediblər.

 

Tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Sonra çıxış edən MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev tədbir iştirakçılarını Zəfər Günü münasibəti ilə təbrik edib. O, könüllülük proqramı layihəsinin gələcək üçün prespektiv olduğunu, qeyd edərək, onlara fəaliyyətlərinə və dəstəklərinə görə təşəkkürünü bildirib.

 

MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Anar Bağırov paytaxtımızda təşkil olunan mötəbər yarışlarda könüllülərin uğurlu fəaliyyətindən danışıb, onların əməyini yüksək qiymətləndirib.

 

MOK-un Atletlər Komissyiasının sədri Rüstəm Orucov dünyanın hər bir ölkəsində böyük layihələrdə könüllülərin rolunu əvəzolunmaz hesab edərək, onlara minnətdarlığını bildirib.

 

Könüllülük fəaliyyətinin gəncləri faydalı əməyə, insansevərliyə təşviq etdiyini bildirən MOK-un marketinq şöbəsinin əməkdaşı İntiqam Səfərov isə onlara Milli Olimpiya Komitəsinin təşkil etdiyi layihələrdə fəal iştirakına görə minnətdarlıq edib.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) idman klubunun rəhbəri, Əməkdar məşqçi Ramin Allahverdiyev də çıxışında tədbir iştirakçılarını Zəfər Günü münasibəti ilə təbrik edərək, könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Sonra çıxış edən könüllülər əldə etdikləri təcrübələrdən danışaraq, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

 

Sonda bütün könüllülərə hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.

 

 

Milli Olimpiya Komitəsinin mətbuat xidməti