Xəbərlər

MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib

30 iyun 2026 - 13:10 42

İyunun 30-da Dədə Qorqud parkında Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis edilməsinin 132-ci ildönümünə həsr olunmuş ənənəvi “Olimpiya Günü” tədbiri keçirilib.

 

Tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Olimpiya çempionları, idman veteranları, idman ictimaiyyətinin nümayəndələri, məktəblilər və valideynlər iştirak ediblər.

 

Tədbirin təşkil olunmasında əsas məqsəd Olimpiya Hərəkatına dəstək göstərmək, gənc nəsil arasında olimpizmi təbliğ etmək, olimpiyaçıları tanıtmaqdan ibarət olub.  

 

Tədbirdə əvvəlcə BOK-un yaranma tarixi, Pyer de Kubertenin ideyaları və Olimpiya Hərəkatının əsas dəyərləri, həmçinin “Olimpiya Günü”nün tarixi və mahiyyəti haqqında məlumat verilib.

 

Qeyd olunub ki, “Olimpiya Günü” tədbiri 1996-cı ildən Azərbaycanda da mütəmadi şəkildə keçirilir və əsas məqsəd gənc nəslin idmana marağını artırmaq, sağlam həyat tərzini təbliğ etməkdir. 

 

Sonra 1952-1992-ci illərdə Olimpiya Oyunlarında medallar qazanmış Azərbaycan idmançılarının nailiyyətlərinə həsr olunan geniş məlumat və videoçarxlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmin dövrün idman tariximizdə tutduğu mühüm yer xüsusi vurğulanıb.

 

Tədbirdə veteran güləşçilər adından çıxış edən Rafiq Hacıyev SSRİ dövründə Olimpiya Oyunlarında çıxış etmiş azərbaycanlı güləşçilərin ölkə idmanının formalaşmasında mühüm rol oynadığını bildirib. O, həmin nəslin qazandığı uğurların bu gün gənc idmançılar üçün nümunə və böyük irs olduğunu deyib.

 

MOK-un İcraiyyə Komitəsinin üzvü, Olimpiya çempionu Nazim Hüseynov çıxış edərək Olimpiya dəyərlərinin təbliğinin əhəmiyyətindən danışıb, gənclərə idmanla məşğul olmağı tövsiyə edib. 

 

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə  "Olimpiya Günü"nün Azərbaycanda artıq 30 ilə yaxındır qeyd olunduğunu vurğulayaraq, bu ənənənin hər il davam etdiyini deyib. O, tədbirdə iştirak edən idman veteranlarına və idmançılara minnətdarlığını bildirib və Milli Olimpiya Komitəsinin hər zaman onların yanında olduğunu qeyd edib. MOK-un vitse-prezident çıxışının sonunda bütün iştirakçıları "Olimpiya Günü" münasibətilə təbrik edərək hər kəsə uğurlar arzulayıb.

 

Sonra tədbir çərçivəsində məktəblilər arasında estafet qaçışı və kəndirdartma yarışları keçirilib. Yarışların qalibləri medal və diplomlarla mükafatlandırılıblar. 

 

Sonda iştirakçılar və qonaqlar xatirə şəkli çəkdiriblər. Tədbir Olimpiya himninin səsləndirilməsi ilə başa çatıb.

 

 

Milli Olimpiya Komitəsinin mətbuat xidməti