Nazim Hüseynov: “İnanıram ki, hər bir idmançımız yeni qələbələrlə xalqımızı sevindirəcək”
24 iyul 2024 909
"Bütün idmançılarımız Olimpiya Oyunlarına hazırdır. O cümlədən cüdoçularımız da artıq hazırlıq prosesini yekunlaşdırıblar".
Bu sözləri Barselona-1992 Yay Olimpiya Oyunlarının çempionu Nazim Hüseynov "Olimpews.az"a müsahibəsində deyib.
O, komandamızın Parisdə ən azı bir qızıl medal qazanacağına ümid etdiyini bildirib.
"Əgər cüdoçulardan danışmalı olsam, federasiyanın seçimini düzgün qiymətləndirərəm. Olimpiadada -60 kq çəkidə Balabəy Ağayevdən medal gözləyirəm. Bunun üçün onun yaxşı hazırlıq səviyyəsi var. Yığma komandanın əsas liderlərindən olan Hidayət Heydərov da əsas medal ümidlərimizdəndir. Öz çəkisində reytinq cədvəlində birinci olan Hidayət bu il bir ay ərzində həm Avropa, həm də dünya çempionatında qızıl medal qazandı. Amma onu da nəzərə almaq lazımdır ki, bütün rəqibləri ona qarşı ciddi hazırlaşırlar. Elcan Hacıyev (- 90 kq) də çox perspektivli cüdoçudur. O da Parisdə yaxşı nəticə göstərə bilər. Elcan bu yaxınlarda Olimpiya çempionuna və yaponiyalı idmançıya qalib gəlib. Bu da olimpiadada medal qazanmaq üçün ümid verir. Dünya çempionumuz Zelim Kotsoyev (-100 kq) medal qazanmağa əsas namizədlərdəndir. Düşünürəm ki, onun üçün əsas ciddi rəqiblər gürcüstanlı və yaponiyalı idmançılar olacaq. Düzdür, proqnoz vermək çətindir. Amma ümid edirəm ki, bu oyunlarda cüdo yarışlarında ən azı bir qızıl medalımız olacaq. Bütün idman növlərində çıxış edəcək idmançılarımıza uğurlar azru edirəm. İnanıram ki, hər bir idmançımız yeni qələbələrlə xalqımızı sevindirəcək".
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışlarına iyulun 27-də start veriləcək. Həmin gün komandamızın iki üzvü - Balabəy Ağayev (-60 kq) və Leyla Əliyeva (-48 kq) tatami üzərinə çıxacaq.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı