Xəbərlər

“Ocaq Sport” klubunun 10 illik yubileyi ilə əlaqədar Qala şou keçirilib

09 dekabr 2023 282

“Ocaq Sport” klubunun 10 illik yubileyi ilə əlaqədar “Ocağın alovları” adlı Qala şou keçirilib.

Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə 2013-cü ildə fəaliyyətə başlayan və uzun bir yol qət edən klubun ölkə gimnastikasının inkişafına verdiyi xüsusi töhfə diqqətə çatdırılıb.

“Ocaq Sport”un nailiyyətlərini əks etdirən videoçarx nümayiş olunduqdan sonra klubun maskotu "Oci" səhnəyə dəvət edilib.

Tədbirin bədii hissəsində Almaniyanın Berlin şəhərində keçirilən Xüsusi Yay Olimpiya Oyunlarının bədii gimnastika üzrə yarışlarının qızıl və bürünc mükafatçısı Mehriban Tağıyeva, klubun gimnastı Fərid Ociyev və onun məşqçisi Səbinə Məmmədova gürz və lentlə hərəkətlərdə bacarıqlarını nümayiş etdiriblər.

İdmançıların çıxışlarından sonra klub üzvlərinin bir ailə ətrafında birlik və həmrəyliyin simvolu olan “alov”ların vəhdət təşkil edərək birləşməsi ekranda göstərilib.

Mərasimdə təqdim olunan “alov”ların rəqsi gimnastika növlərinə məxsus fərdi xüsusiyyətləri, güc və gözəlliyi təcəssüm etdirib. Hər alov idmanın fərqli bir aspektinə işıq tutaraq maraqlı ab-hava yaradıb.