Xəbərlər

OCEP proqramı çərçivəsində Azərbaycan məktəbliləri Almaniyada Kəndirlə mübarizə idman növü üzrə beynəlxalq yarışda medal qazandılar

22 avqust 2023 274

18-19 avqust tarixində Almaniyanın Mannheim şəhərində Avropa Kəndirlə Mübarizə İdmanı Federasiyasının (ETWF) və Almaniya Kəndirlə Mübarizə Assosiasiyasının (Tug of War Germany) təşkilatçılığı ilə məktəblilər arasında təşkil olunan "GENSB Youth Tug of War International Tournament" beynəlxalq turniri keçirilib.

Qeyd edək ki, 4-6 aprel tarixində Bakıda OCEP proqramı çərçivəsində keçirilən Kəndirlə mübarizə idman növü üzrə ölkə Kubokunda yeniyetmələr arasında 1-ci yerə layiq görülən İlyas Əfəndiyev adına Elitar Gimnaziya Almaniyanın Mannheim şəhərində keçirilən beynəlxalq turnirə vəsiqə qazanmışdılar.

Turnirdə Azərbaycan ilə yanaşı, Almaniya, İngiltərə, İrlandiya, İsveç, İsveçrə, Şotlandiya və Belçikadan 500-dən artıq atlet iştirak ediblər.

Turnirdə ölkəmizi Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin prezidenti Elnur Şıxəliyev, baş məşqçi İlqar Tağıyev, Elitar Gimnaziyanın direktoru Səadət Cahandarova və fiziki tərbiyə müəllimi Toğrul Bayramzadənin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin OCEP layihəsinə çərçivəsində Türkiyəni təmsil edən İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın komandası, həmçinin Almaniyanı təmsil edən Bakı şəhər Paşa Nəzərov adına 60 nömrəli məktəbin şagirdi Elbəy Aslanzadə təmsil ediblər.

Yeniyetmələrdən ibarət komandamız 560 kg çəki dərəcəsində mübarizə apararaq, turnirin bürünc medalına sahib olublar. Həmçinin turnirdə Azərbaycan və Alman atletlərindən ibarət dostuluq komandası digər ölkələrin komandaları ilə mübarizə aparıblar.

Xatırladaq ki, Olimpiya hərəkatı və onun hörmət, dostluq və mükəmməllik dəyərlərini özündə birləşdirən Olimpiya Mədəniyyəti və Təhsili Proqramı” (OCEP) Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalı dövründə Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi tərəfindən yaradılıb və hal hazırda yalnız Avorpa deyil dünyanın müxtəlif ölkələrini də əhatə edir.