Xəbərlər

"Olimpiya dünyası" qəzetinin əməkdaşı “Zəfər” 2023 Beynəlxalq İdman Mükafatına layiq görülüb

26 yanvar 2024 258

Yanvarın 26-da “JW Marriott Absheron Baku Hotel”ində “Sportsman” jurnalının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 
Tədbirdə idman Olimpiya dünya və Avropa çempionları, federasiya və klubların təmsilçiləri, eləcə də idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. 

 

"Sportsman" jurnalının baş redaktoru Rəşad Qəmərşahoğlu yubiley tədbirində qonaqları salamlayaraq jurnalın bu illər ərzində keçdiyi şərəfli yoldan danışıb. Bildirib ki, 20 il ərzində böyük sınaqdan keçən jurnal ayaqda durmağı bacarıb.

 

Sonra “Sportsman" jurnalının “Zəfər” 2023 Beynəlxalq İdman Mükafatının təqdimetmə mərasimi kecirilib. Ötən ilin yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə qaliblərin adları açıqlanıb. Mükafatçılar arasında “Olimpiya dünyası” qəzetinin əməkdaşı da yer alıb. Qəzetin məsul katibi Anar Əhmədov “İlin idman jurnalisti” nominasiyası üzrə “Zəfər” 2023 Beynəlxalq İdman Mükafatına layiq görülüb. 

 

Mərasimdə digər nominasiyalar üzrə də qaliblər müəyyənləşib, nominantlara mükafatlar və hədiyyələr təqdim edilib.

 

Qeyd edək ki, “Sportsman” jurnalının ilk sayı 2004-cü il yanvarın 31-də işıq üzü görüb. Jurnal idmanın və Olimpiya Hərəkatının təbliği ilə yanaşı, 2007-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatını təsis edib. Bu mükafat ən yüksək idman nailiyyətləri qazanan idmançılara, məşqçilərə, idman mütəxəssislərinə, Azərbaycan idmanına dəstək olan müxtəlif qurumlara verilir. 2016-cı il yanvarın 29-da “Jumeirah Bilgah Beach Hotel”ində keçirilən “Zəfər 2015”in təqdimat mərasimində isə Dünya İdman Jurnalistləri Assosiasiyasının (AİPS) maltalı baş katibi Çarli Kamenzuli və fransalı Kristof Mousset idmanın inkişafındakı xidmətlərinə görə “Zəfər” mükafatına layiq görülüblər. Bununla da, “Sportsman” jurnalının bu layihəsi  “Zəfər Beynəlxalq İdman Mükafatı” statusunu qazanıb.

 

"Zəfər” 2023 Beynəlxalq İdman Mükafatının təqdimat mərasimində Milli Olimpiya Komitəsinin mətbuat katibi, "Olimpiya dünyası" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyev "Sportsman" jurnalının 20 illik yubileyi münasibəti ilə bu nəşrin baş redaktoru Rəşad Qəmərşahoğluna MOK-un hədiyəsini təqdim edib.