Xəbərlər

Olimpiya lisenziyaçısı: Adımı Azərbaycan boks tarixinə yazdırmaq istəyirəm

06 fevral 2024 156

“ABŞ-da üç həftəlik əla təlim-məşq toplanışı keçdik. İlk günlər adaptasiya olunmağa çalışdıq. Daha sonra isə fiziki və texniki-taktiki hazırlıq oldu”.

Bu sözləri Azərbaycan boksçusu Məhəmməd Abdullayev Kolorado ştatındakı hazırlıq prosesi barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

92 kiloqramdan yuxarı çəki dərəcəsində “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanan dünya çempionatının mükafatçısı ABŞ-da xüsusi proqramla məşq etdiyini bildirib: “Bir neçə sınaq döyüşü də keçirdim. Rəqiblərim çox güclü idi. ABŞ-ın Olimpiya lisenziyaçısı, “Tokio-2020”nin mükafatçısı ilə gücümü yoxladım. Artım görünür. Çəkimi nəzərə alsaq, güclü rəqiblərimin olması mənim üçün böyük üstünlükdür. Məqsədim Olimpiadaya kimi ən yaxşı formamı yığmaqdır”.

M.Abdullayev “Paris-2024” Yay Olimpiya Oyunlarındakı nəticəsi ilə adını Azərbaycan boks tarixinə yazdırmaq istədiyini söyləyib: “Bu il bizim üçün ikiqat əlamətdar, eyni zamanda məsuliyyətlidir. Həm Azərbaycan boksunun 100 illiyidir, həm də Olimpiya ilidir. “Paris-2024” yolunda ilk addımı atmışam. Krakovdakı Avropa Oyunlarında lisenziya qazanmışam. İndi bunun ardını gətirmək istəyirəm. Hədəfim Fransa paytaxtında Azərbaycan bayrağını yüksəklərə qaldırmaq, medal qazanmaqla boksçulara bəslənilən ümidləri doğrultmaqdır. Bu məqsəd üçün nə lazımdırsa, edəcəyəm. Çalışacağam ki, öz çəkimin ən güclüsü olduğumu sübuta yetirim”.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.