Xəbərlər

Olimpiya lisenziyası qazanan boksçu: Bu çəkidə heç kimi özümə rəqib görmürəm

20 dekabr 2023 199

Boks üzrə Azərbaycan millisinin üzvü Murad Allahverdiyevin (80 kiloqram)  müsahibəsini sizlərə təqdim edirik.

 

- Polşada keçirilmiş III Avropa Oyunlarında bürünc medal qazanaraq “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə etdiniz. Olimpiadanın hazırlığına nə vaxt başlamağı planlaşdırırsınız?

- Azərbaycanda keçirdiyimiz məşqlər stabil qaydada davam edir. Amma ilk təlim-məşq toplanışımızı ABŞ-da keçirəcəyik. Yanvarın 12-də yola düşəcəyik. Orada hazırlıqlarımız fevralın 1-nə kimi davam edəcək. Fevraldan sonrakı planlara isə tam bələd deyiləm.

 

- Olimpiya Oyunlarında özünüzdən hansı nəticəni gözləyirsiniz? Sizcə, məsuliyyətin ikiqat olduğu yarışdan Vətənə medalla qayıtmaq mümkün olacaq?

-Orada lisenziya qazanmış güclü idmançılar yarışacaqlar. Təbii ki, ən böyük arzum Vətənə medalla qayıtmaqdır. Əgər ciddi hazırlaşıb getsəm, sözsüz ki, nailiyyət əldə edə biləcəyəm. 

 

- Olimpiadada qarşılaşmağı arzuladığınız xüsusi boksçu varmı?

- Bəli, var. Xorvatiyalı idmançı Qabriyel Veoçiçidən revanş almaq istəyirəm. Çünki III Avropa Oyunlarında yarımfinal görüşündə ona uduzmuşdum. Ümid edirəm ki, bu dəfə Veoçiçi məğlub edib ondan qisas alacağam.

 

- Geridə qalan ili Azərbaycan boksçuları üçün necə dəyərləndirirsiniz?

- Komandamızın hər bir üzvü bu il nüfuzlu yarışlarda iştirak etdi. Yarışların heç birindən medalsız qayıtmadıq. Noyabr ayında Monteneqronun Budva şəhərində keçirilmiş U-22 Avropa çempionatında qazanılan medal sayında isə yeni rekorda imza atdıq. Bununla da komanda olaraq tarixi ilki reallaşdırdıq.

 

- Avropa çempionatından söz açılmışkən, bu turnirdə üçüncü yeri tutdunuz. Qızıl medal üçün nə çatmadı?

- Qızıl medal qazanmağım üçün hər şey çatırdı. Sadəcə, rəqibim çox qəliz idi. Zəif idmançı idi, amma döyüşdən qaçırdı. Bir çox güclü rəqibə qalib gəldim. Lakin bu görüşdə səhv etdim. Rahat şəkildə qazana biləcəyim qızıl medalı özüm əldən verdim. 

 

- Ümumiyyətlə, bu il əldə etdiyiniz şəxsi nəticələr sizi qane edir?

- Nəticələrimdən razı qaldım. Bu il mənim üçün çox yaxşı keçdi. Beynəlxalq yarışların bir çoxundan medalla ayrıldım, ən əsası isə “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə etdim.

 

- Mübarizə apardığınız çəki dərəcəsində özünüzə əsas rəqib kimi hansı idmançını görürsünüz?

- Azərbaycanda 80 kiloqram çəki dərəcəsində güclü idmançılar çoxdur. Amma həm Olimpiya lisenziyasına, həm də əldə etdiyim digər nailiyyətlərə görə heç kimi özümə rəqib görmürəm. Çünki hazırda bu çəki dərəcəsində özüm lider hesab olunuram. Olimpiadadan sonra yenidən Azərbaycan çempionatı keçiriləcək. Komanda olaraq orada iştirak edəcəyik. Bu turnirdən sonra yığmamız yenilənəcək. Kim ölkə çempionu olarsa, lider də o olacaq. 

 

- Yenicə başa çatan Azərbaycan çempionatında adınızı mükafatçılar sırasında görmədik. Yarışa qatılmadınız, yoxsa yer tuta bilmədiniz?

-Xeyr, zədəm olduğu üçün iştirak edə bilmədim. Amma gələn ilin aprel ayında Serbiyada keçiriləcək Avropa çempionatında iştirak edib yaxşı nəticələr qazanmağı hədəfləyirəm.