Xəbərlər

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın təqdimat mərasimi keçirildi

21 fevral 2019 580

“XV Avropa Gənclər Olimpiya Festivalına 150 gün” münasibətilə Hilton otelində “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın təqdimat mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Baş Katib Ağacan Abıyev, Baş Katibin müavini Azər Əliyev, Təhsil naziri Ceyhun Bayramov, Gənclər və İdman naziri Azad Rəhimov ilə yanaşı Prezident Administrasiyası və digər hökumət qurumlarının rəsmiləri, həmçinin Avropa ölkələrinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndələri iştirak edirdi. Mərasimə fəxri qonaq qismində Avropa və Asiyanın 10 Olimpiya Komitəsindən gəlmiş nümayəndələr də qatılmışdı.

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” cari ilin iyul ayında Bakı şəhərində keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının irsi çərçivəsində həyata keçirilir. Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi təşkilatçılığı, Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalı Əməliyyat Komitəsi, həmçinin Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin köməkliyi ilə həyata keçirilir. Proqramın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında və onların vasitəsilə mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdir.

Tədbiri giriş sözü ilə açan Çingiz Hüseynzadə proqramın yaranma tarixindən və əhəmiyyətindən danışdı: “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı Avropa Gənclərin Olimpiya Festivalının 28 illik tarixində ilk dəfədir ki, Azərbaycanda həyata keçirilir. İnanırıq ki, bu proqram gənclər arasında Avropa qitəsinin ən böyük idman tədbirində xüsusi rol oynayacaqdır. Əminliklə deyə bilərəm ki, proqramın uğurlu icrası Olimpiya mədəniyyəti və təhsilinin təşviqində nəinki Azərbaycan, hətta Avropa Olimpiya tarixində yeni səhifə açacaqdır.”

Avropa Gənclər Olimpiya Festivalının Təşkilat Komitəsinin sədr müavini, Gənclər və İdman naziri Azad Rəhimov Bakı 2019 Avropa Gənclər Yay Olimpiya Festivalının kütləvi bədən tərbiyəsi və idmanın inkişafı baxımından Azərbaycan üçün faydasından danışdı. Nazir 150 günün ərəfəsində yarışın maskotlarının və devizinin də təqdim edildiyini diqqətə çatdıraraq, iyul ayında Bakımızın növbəti idman bayramına ev sahibliyi edəcəyini bildirdi. Nazir, əbəs yerə yarışın devizinin “Zirvələrə hazırıq” olmadığını söyləyərək, idmançılarımızın Azərbaycan bağyarığını daim yüksəklərdə tutduqlarını xüsusi olaraq diqqətə çatdırdı.

Təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan nüfuzlu beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkil edildiyi ölkə kimi tanınır. Nazir Təhsil, Gənclər və İdman nazirliklərinin və Milli Olimpiya Komitəsinin birgə tərəfdaşlığı ilə bir sıra layihələrin uğurla həyata keçirildiyini vurğulayıb. Ceyhun Bayramov deyib ki, belə layihələr məktəblilərdə sağlam həyat tərzinin formalaşmasında, idmanda kütləviliyin təmin olunmasında, istedadlı uşaqların üzə çıxarılmasında müsbət rol oynayır.

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdıran nazir bildirib ki, proqram çərçivəsində seçilmiş məktəblər Azərbaycanı başqa ölkələrdə tanıtmaqla yanaşı, həm də Avropa ölkələrinin mədəniyyəti, tarixi, incəsənəti və idmanını ölkəmizdə təbliğ edəcəklər. Bu məqsədlə Bakı şəhərindən 49 məktəb seçilib, nəzərdə tutulduğu kimi, hər məktəbə bir Avropa ölkəsi təhkim edilib.

Daha sonra Olimpiya Mədəniyyəti və Təhsili Proqramına dair video çarx nümayiş olundu. Rəsmi hissədən sonra baş tutan ziyafətdə məktəblilərin hazırladıqları və müxtəlif Avropa ölkələrinin musiqilərindən ibarət olan mahnı və rəqslər tədbir iştirakçılarına xoş ovqat bəxş etdi.

Redaktorlar üçün məlumat:

Olimpiya Mədəniyyəti və Təhsil Proqramı haqqında:

  • Proqram çərçivəsində Bakı şəhərindən seçilmiş 49 məktəb Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək bir Avropa ölkəsini təmsil edir.
  • Seçilmiş məktəblər təmsil etdikləri ölkələrin tarixi, mədəniyyəti, incəsənəti və idmanını Azərbaycanda, Azərbaycanı isə qardaşlaşmış məktəblər və digər vasitələrlə Avropada təbliğ edirlər.
  • Proqramın uğurlu icrası və məktəblər arasında kommunikasiya işini təmin etmək üçün www.ocep2019.azvə @OCEP2019adlı İnternet, həmçinin sosial media səhifələri yaradılmışdır.
  • “Olimpiya Mədəniyyət və İdman Şəhərciyi” proqramın yekun tədbiri olaraq Olimpiya Kəndində yaradılması nəzərdə tutulmuşdur. Şəhərcikdə quraşdırılacaq çadır/guşənin hər biri bir Avropa ölkəsini təmsil edəcək və qardaşlaşmış məktəblərin təşkilatçılığı ilə dekorasiya olunacaqdır. Beləliklə, Festival iştirakçıları, xüsusilə gənc idmançılar, o cümlədən Olimpiya Kəndinə səfər edən qonaqlar Avropa ölkələrinin mədəniyyəti, tarixi, incəsənəti və idmanı ilə eyni vaxtda və eyni məkanda tanış ola biləcəklər.
  • Proqramın icrasında Avropa ölkələrinin Olimpiya Komitələrinin köməkliyi ilə seçilmiş məktəblərdən əlavə Gənc Səfirlər də iştirak edəcəklər. Bütün bu vasitələr üzv ölkələrinin gəncləri arasında və onların vasittəsilə mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını daha effektiv və yaradıcı formada təşviq etməyə imkan verir.

Avropa Gənclər Olimpiya Festivalı haqqında:

  • Festival 20-28 iyul 2019-cu il tarixində keçiriləcək, açılış mərasimi 21 iyul bağlanış mərasimi isə 28 iyulda olacaqdır.
  • Ümumilikdə 50 ölkədən 3600-a yaxın idmançının iştirakı gözlənilir.
  • Festival 10 idman növü üzrə keçiriəcəkdir: gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş.
  • 2500-dən çox könüllü 12 idman obyektində fəaliyyət göstərəcəkdir.