Xəbərlər

Olimpiya Mədəniyyəti və Təhsili Proqramı çərçivəsində Azərbaycan guşəsinin rəsmi açılışı

27 iyul 2023 233

Sloveniyanın Maribor şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalı günlərində Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) çərçivəsində Azərbaycan guşəsinin rəsmi açılışı olub. Festival tarixində üçünçü dəfə olaraq təşkil olunan OCEP pavilyonunda Azərbaycanı Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbinin şagirdləri təmsil edib.

Mərasimdə OCEP proqramının Azərbaycanın təşəbbüsü ilə Bakıda təşkil edilmiş XV Avropa Gənclər Yay Olimpiya Festivalından start götürərək Slovekiya və daha sonra Sloveniyada davam etdirilməsinin Olimpiya hərəkatının gənclər arasında təşviq olunmasında əhəmiyyətli rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, bu təşəbbüs gələcəkdə təşkil olunacaq Festivallarda da tətbiq ediləcək.

Azərbaycan məktəbinin şagirdləri qonaqlar qarşısında bədii proqram ilə çıxış edib. Daha sonra qonaqlar pavilyonda quraşdırılmış Azərbaycanın guşəsini ziyarət edərək ölkənin mədəniyyəti, tarixi, idmanı, mətbəxi və sair sahələr üzrə təqdimat və viktorinalarını seyr ediblər. 

Həmçinin mərasimdən sonra OCEP məktəbliləri EYOF 2023 ərazidəki idman obyektlərinə səfər edərək idman yarışlarına baxmaq imkanı da qazanıblar. Şagirdlər Sloveniya səfəri çərçivəsində Maribor şəhərində yerləşən Sovet İttifaqı və Sloveniya qəhrəmanı, Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin şərəfinə uçaldılmış abidəni də ziyarət ediblər.

Qeyd edək ki, Olimpiya Mədəniyyəti və Təhsil Proqramına (OCEP) Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində start verilib. Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu və Avropa Olimpiya Komitəsinin dəstəyi ilə həyata keçirilən layihə Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Milli Olimpiya Komitəsi tərəfindən həyata keçirilir.