Xəbərlər

Olimpiya Oyunlarının gizli tərəfləri

03 oktyabr 2023 364

Azarkeşlər üçün idman yarışları maraq və həyəcan dolu bir hadisədir. Onlar sevdikləri komanda və idmançıya xüsusi coşğu ilə dəstək olur, qalib gəlməsini arzulayırlar. Planetin ən irimiqyaslı yarışı olan Olimpiya Oyunları isə idman həvəskarları üçün əsl bayramdır. Oyunların möhtəşəm açılış və bağlanış mərasimləri, idmançıların həyəcan dolu mübarizəsi və nəhayət qələbələr... Amma bir çoxları illərdir keçirilən Olimpiya Oyunlarının bilmədiyimiz maraqlı və hətta insanı heyrətləndirən məqamlarının olduğundan hələ də xəbərsizdir. “Olimpiya dünyası” qəzetinin bu dəfəki sayında Olimpiya Oyunları tarixində baş verən maraqlı hadisələri oxucularımıza təqdim edirik.

 

 “Pekinə xoş gəlmisiniz”

Olimpiya Oyunlarının yaxınlaşması ilə yarışların keçiriləcəyi məkan və  proqramla yanaşı, oyunların ən vacib atributundan biri olan talismanlar da müəyyənləşir. Olimpiadanı təşkil edən dövlət çalışır ki, talismanlar yetərincə maraqlı və xüsusi bir məna daşısın. Beləliklə, 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında xoşbəxtliyi simvolizə edən qaranquş, balıq, panda, tibet antilopu və Olimpiya məşəli olaraq ictimaiyyətə beş talisman təqdim olundu. Onların adları “Bey-bey”, “Tsin-tsin”, “Xuan-xuan”, “İn-in”, “Ni-ni” idi. Maraqlısı ondadır ki, talismanların adlarının ilk hecalarını toplasaq simvolik olaraq “Pekinə xoş gəlmisiniz” cümləsi alınır.

 

 

Qaçış marafonunun ilk çempionu

Müasir Olimpiya Oyunlarının qaçış marafonunun ilk qalibi yunan atleti Spiridon Luis olub. I Olimpiya Oyunlarının əvvəlindən (Afina-1896) Yunanıstan öz qəhrəmanını gözləyirdi. Nəhayət, o, - Spiridon Luis bütün Yunanıstanı sevindirməyə nail oldu. Əlyazmalarda I Olimpiya Oyunları belə təsvir edilirdi. “Olimpiya Oyunlarının qalibinə minlərlə güllər təqdim edildi. Səmaya Yunanıstan bayrağı rənglərində lentləri daşıyan minlərlə göyərçin buraxıldı. İnsanlar Luisi havaya atıb-tutaraq, “çempion”, - deyə müraciət edirdilər. Oyunların qəhrəmanını insanların əlindən xilas etmək üçün isə şahzadə və onun qardaşı meydana enərək, idmançını kralın əyləşdiyi yerə apardı. Kral insanların gurultulu alqış sədaları altında idmançını qucaqlayıb, təbrik etdi”.

Maraqlıdır ki, çoxsaylı hədiyyələrlə yanaşı, Spiridon Luisə 10 inək və 30 qoyun təqdim edildi. Həmçinin atletə ömürlük dərzi və bərbərdən ödənişsiz istifadə etmə hüququ verildi.

 

 

Medal çempionu tapdı

Fransanın Şamoni şəhərində keçirilən I Qış Olimpiya Oyunları zamanı norveçli xizəkçi Torlef Hauq 18 xal toplayaraq, bürünc medal qazandı. Onun ardından isə 17,916 xalla ABŞ təmsilçisi Andreas Hauqen finişə çatdı. Lakin qəribədir ki, 40 il sonra Oyunların ikiqat gümüş mükafatçısı 77 yaşlı Toralf Stromstad idman tarixçisi Yakob Vaaqa bildirdi ki, 1924-cü ildə hakimlər Torlef Hauqun xallarını hesablayan zaman böyük səhvə yol veriblər. Beləliklə, xalları hesabladıqdan sonra Y.Vaaq T.Stromstadın doğru söylədiyi məlum oldu. O, hesablamalardan sonra 18 deyil, 17,821 xal toplamışdı. Amma gec də olsa haqq-ədalət öz yerini tapdı. 1974-cü ildə Osloda keçirilin rəsmi mərasimdə 86 yaşlı Andreas Hauqen Torlef Hauqanın qızından mükafatı qəbul etdi. T.Hauqanın mərasimdə iştirak etməməsinə səbəb isə 1934-cü ildə 40 yaşında sətəlcəmdən dünyasını dəyişməsi oldu.

 

 

Ən uzun Olimpiya Oyunları

Olimpiya Oyunları tarixində ən uzun çəkən Oyunlar 1900-cü ildə Parisdə keçirilən II Yay Olimpiya Oyunlarıdır. Belə ki, Oyunlar beynəlxalq sərgi ilə üst-üstə düşmüşdü. Buna görə də olimpiada 1900-cü il may ayının 14-də başlayıb, beş ay yarımdan sonra yəni oktyabrın 28-də başa çatmışdı.

Lakin 14 may və 28 oktyabr tarixləri də təxmini qeyd edilir. Sərginin proqramına müxtəlif idman yarışları daxil edildiyi üçün Oyunların başlama və bitmə tarixləri təxmini olaraq qeyd olunub.

 

 

Olimpiya Oyunlarının ilk çempionları

Tarixdə ilk qadın Olimpiya çempionu britaniyalı tennisçi Şarlotta Kuperdir. İdmançı 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarında zirvəyə yüksəlib. Tennisçi həmçinin yerlisi Recinald Doherti ilə qarışıq cütlük yarışında qalib gələrək, ilk ikiqat Olimpiya çempionu adını da daşıyır.

Müasir dövrün ilk kişi Olimpiya çempionu isə amerikalı atlet Ceyms Konnoli hesab olunur. İdmançı 1986-cı ildə Afinada təşkil olunan I Olimpiya Oyunlarında üçqat tullanma üzrə 13,71 nəticə göstərək, adını tarixə yazdırıb.

 

 

Olimpiya çempionunun qəribə sirri

1932-ci ildə Los-Ancelesdə təşkil olunan Olimpiya Oyunlarının 100 metr məsafəyə qaçış üzrə yarışlarının qalibi polşalı atlet Stanislava Valaseviç olmuşdu. Yalnız idmançının ölümündən sonra 1980-ci ildə onun cəsədinin analiz olmasında Stanislavanın həm kişi, həm də qadın xromosomlarına sahib olduğu məlum oldu.

 

 

Bir medalın iki üzü

1936-cı ildə Berlində keçirilən Yay Olimpiya Oyunları zamanı atletikanın təkanla tullanma üzrə yarışlarında iki yaponiyalı Sühey Nisida və Sueo Oe 4,25 metr nəticə ilə ikinci pilləyə uyğun nəticə göstərdilər. Nəticədə, gümüş medal Nisidaya, bürünc medal isə Oeyə təqdim olundu. Deyilənə görə, medalları təyin etmək üçün qəpik atıblar. Digər bir fərziyəyə görə isə bu qərarı Yaponiya Federasiyası verib. Belə ki, Nisidaya hündürlüyə tullanmaq üçün yalnız bir cəhd kifayət etdiyi və ümumiyyətlə, onun Oedən yaşca böyük olması vurğulanır.

 

 

Tennisin ən gənc və ən yaşlı Olimpiya çempionu

Tennis üzrə Olimpiya Oyunlarının ən gənc çempionu amerikalı Cenifer Kapriati hesab olunur. İdmançı çempion olan zaman 16 yaşı var idi. O, 1992-ci ildə İspaniyanın Barselona şəhərində təşkil olunan Oyunlarda qalib olmaqla adını tarixə yazdırıb.

Olimpiya Oyunlarının ən yaşlı çempionu isə 44 yaşlı Corc Hillarddır. O, 1908-ci ildə Londonda çempion olub.

 

 

Olimpiya Oyunlarının cütlük çempionu

1952-ci ildə Helsinkidə keçirilən Olimpiya Oyunlarında bir ilk yaşanıb. Belə ki, tarixdə ilk dəfə ər və arvad proqrama daxil edilən müxtəlif növlər üzrə qızıl medal əldə etdilər. Çexoslovakiyadan olan uzun məsafəyə qaçış üzrə atlet Emil Zatopök və nizəatma üzrə peşəkar idmançı Dana Zatopök ilk olaraq Olimpiya çempionu adını qazanan cütlük kimi adlarını Olimpiya Oyunları tarixinə yazdırdılar.

 

 

Ən gənc Olimpiya çempionu

Qadınlar arasında Olimpiya Oyunlarının ən gənc çempionu cənubi koreyalı konkisürən Kim Yun Midir. Xanım idmançı 1994-cü ildə Lillehamerdə keçirilən olimpiadada komanda tərkibində şort-trek ilə 3000 metr məsafədə qələbə qazandı. İdmançının həmin vaxt 13 yaş 85 günlük idi.

 

 

Qadınların ləğv olunmuş arzuları

1922-ci il aprelin 20-də Parisin “Perşinq” stadionunda yeni yaranmış Beynəlxalq Qadın İdman Federasiyasının xüsusi ilə də onun prezidenti Alisa Milyenin səyləri nəticəsində ilk qadın dünya oyunları təşkil olunmuşdu. Bu və növbəti dörd oyunlar uğurlu olduğu üçün xanım prezident Beynəlxalq Olimpiya Komitəsinə xüsusi memorandumla müraciət etdi. Alisa Milyen BOK-dan Olimpiya Oyunlarının proqramına daxil edilən bütün qadın idman növlərini xaric etməyi xahiş edirdi. BOK idman hərəkatının cinsiyyətə görə ayrılması perspektivlərini real qiymətləndirirdi. Kubertenə xas olan diplomatik incəlik ilə geniş media dəstəyi alan BOK Milyenin xahişini dilə gətirərək, onun həlli yolunun mövcud olduğunu qeyd etdi. Bunun üçün isə yalnız Alisa Milyenin səlahiyyətli beynəlxalq federasiyalarla razılığa gəldikdən sonra məşğul olacağını qeyd etdi. Lakin A.Milyenin danışıqlarından nəticə çıxmadı.