Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29 iyun 2026 - 10:15 22
Tarixdə ilk dəfə olaraq Olimpiya Oyunlarında iştirak edən bütün idmançılar 10 min ABŞ dolları məbləğində “Gələcək naminə hazırlıq” adlı xüsusi Olimpiya qrantı əldə edəcəklər.
Olympic.az xəbər verir ki, bu qərar Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərində keçirilən 146-cı sessiyasında qəbul olunub.
BOK-un açıqlamasına əsasən, yeni təşəbbüs idmançıların həm uzunmüddətli idman fəaliyyətini, həm də peşəkar karyeradan sonrakı dövrə keçidini dəstəkləməyi hədəfləyən “Gələcək naminə hazırlıq” strateji proqramının tərkib hissəsidir. Qurum bununla olimpiyaçılar qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsini davam etdirdiyini vurğulayıb.
Yeni qrant mövcud maliyyə dəstək mexanizmlərini əvəz etməyəcək, əksinə, onları tamamlayacaq. Hər Olimpiya Oyunlarında təxminən 14 min idmançının bu vəsaiti almaq hüququ qazanacağı gözlənilir. Qrantlar Milli Olimpiya Komitələri vasitəsilə idmançılara çatdırılacaq.
Bildirilib ki, hər hansı olimpiyaçı qrantdan imtina edərsə, onun üçün ayrılmış vəsait fondda saxlanılacaq və gələcək Olimpiya iştirakçılarının dəstəklənməsinə yönəldiləcək.
Eyni zamanda qeyd olunub ki, bu proqramın həyata keçirilməsi BOK-un Milli Olimpiya Komitələrinə, beynəlxalq idman federasiyalarına, Olimpiya Oyunlarının Təşkilat Komitələrinə və Olimpiya Həmrəyliyi proqramına göstərdiyi maliyyə dəstəyinin azalmasına səbəb olmayacaq.
Qrant proqramı 2026 Milan-Kortina Qış Olimpiya Oyunlarından etibarən tətbiq ediləcək. Yarışlarda Aa akkreditasiyası ilə çıxış edən bütün olimpiyaçılar bu imkandan yararlana biləcəklər. Bunun üçün idmançıların antidopinq qaydalarını pozmaması, həmçinin BOK-un Etik Kodeksinə, Olimpiya Xartiyasına və iştirak şərtlərinə riayət etməsi tələb olunur.
BOK-un Atletlər Komitəsinin sədri Pau Gasol bildirib ki, bu vəsait medal qazananlara verilən mükafat deyil. Onun sözlərinə görə, Olimpiya Oyunlarına vəsiqə qazanmaq böyük zəhmət, uzunmüddətli hazırlıq və fədakarlıq tələb edir. Qrantın məqsədi məhz həmin əməyi qiymətləndirmək, bütün olimpiyaçıların Olimpiya ailəsinin ayrılmaz üzvü olduğunu təsdiqləmək və gələcək nəsil idmançılar üçün dəstək mexanizmi yaratmaqdır.
Hazırda BOK qrantın təqdim olunması və müraciət qaydalarının hazırlanmasını davam etdirir. “Milan-Kortina 2026” Oyunları üçün müraciət prosesinin cari ilin sonuna qədər başlaması, ilk ödənişlərin isə 2027-ci ildə həyata keçirilməsi planlaşdırılır.
Bənzər xəbərlər
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
İtaliyanın Milan və Cortina d'Ampezzo şəhərlərinin birgə ev sahibliyi etdiyi ... Ətraflı
Amerikalı üzgüçü Qretxen Uolş dünya rekordunu yeniləyib
Amerikalı üzgüçü Qretxen Uolş Romada keçirilən yarışda 50 metr sərbəst ... Ətraflı