Xəbərlər

Oyan Nəzəriani: Azərbaycan bayrağı altında güləşmək mənim üçün fəxr və ən böyük uğurdur

16 oktyabr 2023 261

“Karyeranı sonlandırmaq hər peşəkar idmançı üçün çətindir. Güləşə bilməmək və beynəlxalq yarışlardan kənarda qalmaq həqiqətən kədərli haldır. Hər yaxşı şeyin sonu olduğu kimi hər idmançının da karyerasının bir sonu var. Ona görə bu il karyeramı sonlandırmaq qərarı aldım”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında çimərlik güləşi üzrə Azərbaycan yığmasının üzvü və baş məşqçisi Oyan Nəzəriani (+90 kiloqram) idmançı karyerasını başa vurması barədə danışarkən deyib.

O, milli komandaya baş məşqçi təyin olunduğu müddətdən sonra idmanla vidalaşmağı planlaşdırdığını bildirib: “Sadəcə, Dünya Çimərlik Oyunlarına lisenziyam olduğu üçün gözləyirdim. Oyunların təxirə salınmasından sonra qərar verdim ki, artıq idmançı kimi fəaliyyətimi dayandırım”.

Cənubi azərbaycanlı mütəxəssisin sözlərinə görə, Azərbaycan bayrağı altında müxtəlif nəticələr əldə etmək onun üçün fəxr və ən böyük uğurdur: “Hətta son yarışda bayrağımız altında iştirak etməyim qazandığım uğurdan daha çox qürurvericidir. Şükürlər olsun ki, Azərbaycanı təmsil etmək üçün mənə belə bir fürsət verilib. Bundan sonra da çalışacağam ki, məşqçi kimi əlimdən gələnin ən yaxşısını edim və bayrağımız bahadırların çiynində dünya arenalarında ən yüksəkdə dalğalansın”.

O, karyerasını bitirməsinin zədələrlə bağlı olduğunu əlavə edib: “Yaşımın elə də çox olmamasına baxmayaraq, müəyyən zədələrim var. Həmçinin məşqçi karyerama fokuslanmağı planladığım və fərdi məşqlərdən çox, komanda məşqlərinə üstünlük verdiyim üçün bu qərara gəldim. Bəlkə də, idmançı kimi qalıb bir neçə il də güləşmək olardı. Amma yeni gənc bahadırları yetişdirib ölkəmizə xidmət etmək istəyirəm”.

Qeyd edək ki, Oyan Nəzəriani dünya çempionatının qızıl və gümüş mükafatçısıdır.