Paris-2024-də günün yekunu
31 iyul 2024 1105
Azərbaycanın dörd idmançısı və 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının növbəti günündə mübarizə aparıb.
Olimpiadalar tarixində ölkəmizi ilk dəfə komanda yarışlarında təmsil edən qadınlardan ibarət 3x3 basketbol yığmamız ikinci matçına çıxıb.
Komandamız II turda ABŞ yığması ilə görüşüb. 20:17 hesabı ilə qalib gələn qızlarımız tarixi qələbəyə imza atıb. Seçməmiz III və IV turda müvafiq olaraq Fransa və Almaniya milliləri ilə qarşılaşacaq. Hər iki oyun bu gün gerçəkləşəcək.
Akademik avarçəkmə üzrə yığmamızın üzvü Diana Dımçenko 6-12-ci yerlər uğrunda yarışda qüvvəsini sınayıb. O, C/D yarımfinalında altı iştirakçı arasında üçüncü olub. Məsafəni 7 dəqiqə 59,23 saniyəyə qət edən avarçəkən C finalına vəsiqə qazanıb.
Cüdoçu Elcan Hacıyev 1/16 finaldan mübarizəyə başlayıb. Bu raundda Türkiyə təmsilçisi Mixael Zqankı üstələyən tatami ustası, 1/8 finalda fransalı Nqayap Hambuya uduzaraq yarışı erkən başa vurub.
Azərbaycan triatlonçusu Rostislav Pevtsov da turnirə qoşulanlar sırasında yer alıb. İdmançımız ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət etməklə 43-cü olub.
Badmintonçumuz Edi Reski Dviçayo E qrupunda ikinci görüşünü keçirib. Danimarkalı Anders Antonsenə qarşı mübarizə aparan raketka ustası 0:2 (12:21, 14:21) hesabı ilə uduzaraq yarışı medalsız başa vurub.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı


