Xəbərlər

Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

12 avqust 2024 769

Paris-2024 Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.

 

Tədbir "Park de Prens" stadionunda təşkil olunub.

 

“Stad de Frans” stadionunda təşkil edilən tədbirdə əvvəlcə açılış mərasiminin ən yaddaqalan anlarının yer aldığı videoçarx nümayiş olunub.

 

Daha sonra meydanın mərkəzində dünya xəritəsi formasında hazırlanmış səhnəyə ölkələrin nümayəndə heyətləri daxil olublar. Ölkələrin rəsmi paradında Azərbaycan bayrağını Olimpiadanın gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedov və bədii gimnastika üzrə yarışda 5-ci yeri tutan Azərbaycanın qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova dalğalandırıblar.

 

Ardınca Paris Olimpiadasının son mükafatlandırma mərasimi baş tutub.

 

Qadınlar arasında marafonun qalibləri fəxri kürsüyə dəvət olunublar. Niderlandlı Sifan Hassan qızıl, efiopiyalı Tiqst Assefa gümüş, keniyalı Hellen Onsando Obiri isə bürünc medala layiq görülüblər. İdmançılara mükafatları Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax və Beynəlxalq Atletika Federasiyasının prezidenti Sebastyan Kou təqdim ediblər.

 

Tədbirin bədii hissəsindən sonra Paris-2024 Olimpiadasının Təşkilat Komitəsinin sədri Toni Estanqe və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax çıxış edərək, Oyunların uğurlu alındığını və idmançıların, azarkeşlərin, eləcə də milyonlarca tamaşaçının xatirəsinə əbəsi həkk olunduğunu bildiriblər.

 

Olimpiadanın rəsmi himni səsləndirildikdən sonra Olimpiya bayrağı endirilərək, növbəti oyunların təşkilatçısı Los-Anceles merinə təqdim edilib. Bundan sonra məşhur aktyor Tom Krusun iştirakı ilə bayrağın Los-Ancelesə çatdırılması ilə bağlı maraqlı videoçarx nümayiş etdirilib.

 

Sonda isə Olimpiya məşəli söndürülüb və dördilliyin ən nüfuzlu idman yarışına yekun vurulub.

 

Qeyd edək ki, iyulun 26-da Sena çayı ətrafında açılış mərasimi olan Paris-2024-də Azərbaycan 48 idmançı ilə təmsil olunub. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edib. Millimizin heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar.

 

İyulin 26-da start götürən Paris-2024 Olimpiadasında 329 dəst medal öz sahibini tapıb. Azərbaycan yığması Paris-2024 Yay Olimpiya Oyunlarını 2 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub və medal siyahısın 30-cu olub. İdmançılarımız yarışı 30-cu pillədə başa vurmaqla tarixinin ən yaxşı göstəricisinə imza atıb.