Xəbərlər

Pəhləvanlarımız Avropa çempionatını 16 medalla başa vurdular

19 fevral 2024 109

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulub. Yarışda güləşin hər üç növündə təmsil olunan komandamız Vətənə uğurlu nəticə ilə qayıdıb. 
Mübarizəyə əvvəlcə yunan-Roma güləşçilərimiz başlayıblar. Klassiklərimiz qitə çempionatında uğurla çıxış edərək növbəti dəfə rekorda imza atıblar.

 

Belə ki, 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edən yığmamız medalların əyarına görə, Avropa çempionatlarında ən yaxşı nəticəsinə imza atıb. Komandamız ilk dəfə bir qitə birinciliyində 3 qızıl medal qazanıb.

 

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev, Kamran Məmmədov və Elvin Mürsəliyevin rəhbərliyi altında Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) Avropa çempionu olub. Rəşad Məmmədovla (55 kq), Ülvi Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) isə üçüncü yeri tutub.

 

Medalların əyarına görə 1-ci yeri tutan yığmamız xallarla hesablama sisteminə görə, 142 xalla ardıcıl 2-ci dəfə yekun sıralamada ikinci pillədə qərarlaşıb. Millimiz çempion olan Türkiyədən cəmi 5 xal geri qalıb.

 

Yarışda iştirak edən qadın güləşçilərimiz də turniri uğurla başa vurublar. Belə ki, qadın güləşçilərimiz qitə çempionatında 3 medala sahib çıxıblar. Komandamızın heyətidə 50 kq çəki dərəcəsində çıxış edən Mariya Stadnik bütün rəqiblərinə qalib gələrək onuncu dəfə Avropa çempionu adını qazanıb. 59 kq çəki dərəcəsində qüvvəsini sınayan Alyona Kolesnik də Buxarestdə çempion tituluna yiyələnib. Yarışda iştirak edən digər qadın güləşçimiz Elis Manolova (65 kq) isə turniri bürünc medalla başa vurub. 

 

Turnirdə son olaraq sərbəst güləşçilər mübarizəyə qoşulublar. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında yarışda iştirak edən 10 güləşçimizdən 7-si fəxri kürsüyə qalxıb. Komandamızın üzvlərindən Maqomedxan Maqomedov (97 kq) gümüş, İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (74 kq), Arseniy Djoyev (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb.

 

1 gümüş və 6 bürünc medal qazanan millimiz 122 xal toplayaraq, komanda hesabında Avropa üçüncüsü olub. Türkiyə (140) birinci, Gürcüstan (130) isə ikinci yeri tutub.

 

Beləliklə, Azərbaycan güləş millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında ümumi medal sıralamasında ikinci yeri tutub.

 

Yunan-Roma, sərbəst və qadın güləşçilər ümumilikdə 16 medal qazanaraq buna nail olublar.

 

Qitə birinciliyinə 25 pəhləvanla yollanan heyət 5 qızıl, 3 gümüş, 8 bürünc medala yiyələnib. Sərbəst güləşçilər 1 gümüş, 6 bürünc, yunan-Roma güləşçiləri 3 qızıl, 2 gümüş, 1 bürünc, qadınlar isə 2 qızıl və 1 bürünc mükafata sahib çıxıblar.

 

Komandamız yalnız Türkiyədən geri qalıb. Qardaş ölkə təmsilçiləri 17 medal (7 qızıl, 6 gümüş, 4 bürünc) qazanıblar.

 

Qeyd edək ki, Avropa çempionatında 30 dəst medal öz sahibinə verilib.