Xəbərlər

“Pekin-2022” Qış Olimpiya Oyunlarına həsr olunan rəsmi təqdimat mərasimi keçirilib.

18 yanvar 2022 731

Yanvarın 18-də Park İNN Oteldə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin “Pekin-2022” Qış Olimpiya Oyunlarına həsr olunan rəsmi təqdimatı baş tutub.  Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Baş katibi Azər Əliyev, Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min, olimpiya çempionları və Azərbaycanın idman ictimaiyyətinin tanınmış nümayəndələri iştirak edib.  MOK vitse-prezidenti Çingiz Hüseynzadə öz çıxışında Azərbaycanın bu dəfə fərdi fiqurlu konkisürmə idman növündə 2 idmançı ilə təmsil olunmasını qeyd edib. O “Pyeonqçanq- 2018” Qış Olimpiya Oyunlarında  Azərbaycanın yalnız dağ xizəyi üzrə 1 idmançı ilə təmsil olduğunu xatırladıb. O fevralın 4-20 tarixlərində baş tutacaq “Pekin-2022” Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin 10 nəfərdən artıq olacağını deyib. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə  “Pekin-2022” Qış Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarının adını açıqlayıb və bayraqdarın Vladimir Litvintsev olacağını bildirib. Çıxışının sonunda MOK rəsmisi həm təşkilatçılara həm də iştirakçılara təhlükəsiz Oyunlar arzu edib. Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min isə öz növbəsində belə bir tədbirin təşkilatçılığı üçün MOK rəhbərliyinə təşəkkür edib. “Azərbaycan Cənubi Qafqazın idman ölkəsidir” deyən xanım səfir  bunun Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində mümkün olduğunu da qeyd edib. “Məhz prezident İlham Əliyevin sayəsində Azərbaycanda idman sürətlə inkişaf edir və Azərbaycan atletləri beynəlxalq arenalarda yüksək nailiyyətlər əldə edirlər.”  Səfir Qo Çinin dünyaya möhtəşəm, eksklüziv və qeyri-adi Olimpiya Oyunları bəxş etməyi beynəlxalq ictimaiyyət qarşısında özünə borc bildiyini vurğulayıb. Səfir “Birlikdə Birgə Gələcək Naminə” şüarı ilə idmançılara və iştirakçılara uğurlar arzulayıb. Milli Olimpiya Komitəsinin “Pekin-2022” Qış Olimpiya Oyunlarına həsr olunan təqdimat mərasimi  Azərbaycan Milli Komandasının rəsmi formasının nümayişi ilə başa çatıb.