Xəbərlər

Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb

27 iyul 2026 - 14:54 35

Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, U-15 dünya çempionatı və festivalının Azərbaycanda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq tədbirlərin əlaqələndirilməsi və zəruri məsələlərin həlli 20 yaşadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekabr tarixli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinə həvalə edilib.

 

Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Qeyd edək ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurası Bürosu 2026-cı il iyunun 25-də 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) bu il oktyabrın 22–31-də Azərbaycanda keçirilməsi barədə qərar qəbul edib.

 

İdman tarixində ilk dəfə keçiriləcək U-15 dünya çempionatı və festivalına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin beynəlxalq idman aləmində artan nüfuzunun daha da möhkəmlənməsinə, futbolun inkişafına və Azərbaycanın mötəbər yarışların təşkili sahəsində qazandığı təcrübənin zənginləşməsinə xidmət edəcək.