Xəbərlər

Qadınlar və kişilər arasında keçirilən Azərbaycan çempionatlarında növbəti dövrələrin start vaxtı bəlli olub.

16 fevral 2022 512

  
Fevralın 17-də kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrənin ilk turu saat 15:00-da “Neftçi” -  “Murov” görüşü ilə başlayacaq. Ardınca saat 17:00-da MOİK və “Sərhədçi” oyunu keçiriləcək. Hər iki görüş “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.

Fevralın 18-də isə qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III dövrə oyunlarına start veriləcək. Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq VII turun ilk matçı saat 16:00-da “Azərreyl” və “Murov” komandaları arasında baş tutacaq. Bu qarşılaşmadan 2 saat sonra “Abşeron” - UNEC duelinə start veriləcək.

Xatırladaq ki, kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I dövrənin nəticələrinə əsəsən ilk 3 pillədə müvafiq olaraq “Murov”,  “Neftçi” və MOİK komandaları qərarlaşıblar. Eyni - hərəyə 9 xal toplayan klubların set fərqi də bərabərdir. Ardıcıllıq məhz top fərqinə görə sıralanıb. Dördüncü pilləni 3 xalla “Ekspress” , sonuncu yeri isə “Sərhədçi” komandası tutur. 

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında isə II dövrədən sonra xal itirməyən “Abşeron” 18 xalla turnir cədvəlinə başçılıq edir. 8 xala malik “Azərreyl” ikinci, ondan 2 xal geri qalan “Murov” üçüncü yerdə qərarlaşıb. Sonuncu olan UNEC-in hesabında isə 4 xal var.
  
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.