Xəbərlər

Qubada idman jurnalistləri üçün təlim keçirilib

30 sentyabr 2023 261

Gənclər və İdman Nazirliyi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) təşkilatçılığı ilə Qubada idman jurnalistləri üçün keçirilən təlimlərə yekun vurulub.

Quba Olimpiya İdman Kompleksində təşkil olunan təlimin mentoru "High Park Communications” şirkətinin təsisçisi və direktoru, dünyanın tanınmış və ən təcrübəli media təlimçilərindən Kolin Gibson olub.

3 gün davam edən təlimdə 21 media qurumundan 24 jurnalist, eləcə də ASAPES-in İdman jurnalistikası magistr proqramının tələbələri, Multimedia Mərkəzinin əməkdaşları iştirak ediblər.

Təlimlər müddətində media nümayəndələri arasında müxtəlif idman növləri (voleybol, badminton, stolüstü tennis, basketbol, futbol, üzgüçülük) üzrə yarışlar keçirilib, viktorinalar təşkil olunub.

Təlimlərin sonuncu günündə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov təqdimatla çıxış edib. O, bu cür təlimlərin ölkə idman mediasının inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib və iştirakçılara uğurlar arzulayıb. Ardınca "Əhali arasında sağlam həyat tərzinin təbliği", "Azərbaycanda idmanın təbliği və inkişafına dəstək" və digər mövzular haqqında məlumat verib.

Təlimin sonunda dinləyicilərə sertifikatlar təqdim edilib.