Xəbərlər

Rusiya Avarçəkmə Federasiyasının prezidenti: MDB Oyunları gənc idmançılar üçün vacib bir startdır

05 oktyabr 2025 - 14:25 129

Azərbaycana hər zaman məmnuniyyətlə gəlirik. 

 

Bu sözləri Rusiya Avarçəkmə Federasiyasının prezidenti Aleksey Svirin deyib.

 

O, III MDB Oyunlarının yüksək səviyyədə təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirib, Azərbaycandakı səmimi və isti qarşılanmanı isə xüsusilə vurğulayıb. Bu il ölkəmizə artıq ikinci dəfədir səfər etdiyini deyən Svirin vurğulayıb: “Hazırlıq səviyyəsi göz önündədir - bu yarışlara böyük məsuliyyət və peşəkarlıqla yanaşmısınız. Müasir idman dünyasında hər bir beynəlxalq yarış gənc atletlər üçün əvəzolunmaz təcrübə, rəqabət imkanı və yeni tanışlıqlar deməkdir". 

 

Avarçəkmə yarışlarının keçiriləcəyi idman qurğularının vəziyyəti ilə bağlı danışan Rusiya Avarçəkmə Federasiyasının prezidenti Mingəçevirdəki şəraitin yüksək beynəlxalq standartlara tam cavab verdiyini vurğulayıb. O, təşkilat komitəsinin və hakim heyətinin üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gələcəyinə inandığını bildirib. 

 

Rusiyanın medal sıralamasında lider mövqedə olduğunu diqqətə çatdıran Aleksey Svirin deyib: “Bu uğurun əsas səbəbi güclü təşkilati modeldir. Məşqçi heyətimiz uzun illərin təcrübəsinə əsaslanaraq Rusiya və Sovet idman məktəblərinin ənənələrini davam etdirir. Bu səbəbdən komandamızın medal cədvəlində birinci pillədə qərarlaşmasını görmək xoşdur”.

 

Avarçəkmədə əsas rəqiblərdən danışarkən Svirin Belarus, Azərbaycan və Özbəkistan komandalarını xüsusi qeyd edib və məhz güclü rəqabətin sağlam idman mühiti yaratdığını vurğulayıb.

 

Müsahibəsinin sonunda Aleksey Svirin bütün idmançılara sağlamlıq, inam və idman uğurları, azarkeşlərə isə parlaq emosiyalar və yarışlara fəal dəstək arzulayıb: “Atletlərə qələbə arzu edirəm. Əgər kimsə podiuma qalxa bilməzsə belə, bu, yolun sonu deyil. Əsas odur ki, hər bir nəticəni düzgün təhlil edib, irəliyə doğru addımlasınlar. Ən vacibi, ruhdan düşməmək və qalib gələndə də təvazökarlığı qorumaqdır. Əlbəttə, bu startlar zamanı yaranan dostluqları gələcək illərdə də qoruyub saxlamaq lazımdır”.