Xəbərlər

Sablya üzrə Azərbaycan millisi beynəlxalq turnirdə iki medal qazanıb

25 sentyabr 2023 184

Qılıncoynatmanın sablya növü üzrə Azərbaycan milli komandasının lideri Anna Başta Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən "Satellite" turnirində qızıl medal qazanıb.

Qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə başa vuran idmançı yarımfinala gedən yolda Bolqarıstan təmsilçiləri Kristina Milankova (15:7) və Emma Neikovanı (15:9) mübarizədən kənarlaşdırıb. A. Başta yarımfinalda bu mərhələyə kimi irəliləyən komanda yoldaşı Palina Kaspiaroviçə 15:11 hesabı ilə qalib gəlib. O, həlledici görüşdə bolqar qılıncoynadan Yoana İliyevanı 15:13 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Yarımfinalda çıxışını başa vuran P. Kaspiaroviç isə bürünc medal qazanıb. Qrup mərhələsini uğurla (5 qələbə) başa vuran sablyaçı yarımfinala kimi bolqar və ən güclü “8-liy”ə yüksəlməyi bacaran Azərbaycan yığmasının digər üzvü Zərifə Hüseynovanı üstələyib.

Səbinə Kərimova 1/16 finala yüksəlməyi bacarsa da, yarımfinala gedən yolda Yoana İliyevaya 12:15 hesabı ilə uduzub. Bu mərhələyə kimi irəliləyən Valeriya Bolşakova isə ən güclü “dördlüy”ə düşmək uğrunda keçirilən görüşdə Bolqarıstan sablyaçısı Olqa Hramovaya (6:15) məğlub olub. Hramova daha əvvəl ən güclü “16-lıq”da Azərbaycanın digər sablyaçısı Sevil Bünyatovaya 15:9 hesabı ilə qalib gəlib.