Xəbərlər

Sərbəst güləşçilər Avropa çempionatında 3 gümüş, 6 bürünc medal qazandı

08 iyul 2023 201

Macarıstanın Kaposvar şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir.

İkinci yarış günündə sərbəst güləşçilər mübarizəyə qoşulub.

38 kq

Müstəcəb Məmmədov 1/8 finalda ermənistanlı Erik Papikyana 0:5 hesabıyla məğub olub.

41 kq

Rəşid Nazarov moldovalı İvan Boqdana və belaruslu Aleksandr Medvedevə 10:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında isə Çingiz Sarıqlara "tuş"la məğlub olub. Nazarov gürcüstanlı Levan Nozadze (10:0) üzərində vaxtından əvvəl qələbə qazanaraq üçüncü yeri tutub.

44 kq

Ruslan Əlizadə belçikalı Amir Xaniqova (11:1) və fransalı Rinat Abuxadjiyevə (10:0) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Ancaq bu mərhələdə rusiyalı Sultan Rajbadinov keçilməz olub - 1:12. Əlizadə moldovalı Daniel Neqrunu 6:2 hesabıyla üstələyərək bürünc medala sahib çıxıb.

48 kq

Həsən Həsənov 1/8 finalda rusiyalı Malik Salatayevə 0:4 hesabıyla məğlub olub. Təsəlliverici görüşlərdə fransalı Bayssanqur Bitmurzayevlə (5:1) israilli Lior Şmulkodan (10:0) güclü olan Həsənov bürünc medal uğrunda mübarizədə moldovalı Viktor Vdoviyə qalib gəlib - 7:1. 

52 kq

Fərid Ağazadə kosovalı Con Ramadaniyə (11:2), litvalı Klaydas Dildaya (10:0) və fransalı Alixan Kaxriyevə (13:5), Hüseyn İsmayılov isə belaruslu Yaqor Daroşkaya (9:2), polşalı Vojçiex Barexaya (6:0) və türkiyəli Muhammet Doğana (8:0) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Milli üzvləri finalın bir addımlığında üz-üzə gəlib. Hüseyn Fəridi 4:2 hesabıyla üstələyərək finala yüksəlib. İsmayılov həlledici görüşdə rusiyalı Baysanqur Osmayevlə bacarmayıb (0:7) və gümüş medalla kifayətlənib. Ağasızadə isə türkiyəli Muhammet Doğanla gərgin mübarizədən 7:6 hesablı qələbəylə ayrılaraq üçüncü yeri tutub.

57 kq

İsa Yusibov rumıniyalı Mark Kelemenə (11:0), yunanıstanlı Pavlos Ntiantiadisə (11:0), türkiyəli İsmayıl Mertkolluya (tuş) və ermənistanlı Davit Davtyana (tuş) tam üstünlüklə qalib gələrək finala vəsiqə qazanıb. Yusibov qızıl medal uğrunda rusiyalı Tuncay Verdiyevlə görüşdən 5:10 hesabıyla məğlub ayrılaraq Avropa ikincisi olub.

62 kq

Nihad Abasov belaruslu Kiril Pavliuçenkaya 10:0 hesabıyla qalib gələrək 1/8 finala yüksəlsə də, ermənistanlı Yegişe Mosesyanla bacarmayıb - 11:17. Təsəlliverici görüşdə finlandiyalı Onni Lahikayneni (14:1) çətinlik çəkmədən mübarizədən kənarlaşdıran Abasov rusiyalı Maqomed Cenaraliyevə də gücünü göstərərək (7:3) bürünc medalı boynundan asıb.

68 kq

Rəşad Veysəlov 1/8 finalda rusiyalı İdris Albekova 2:5 hesabıyla məğlub olub. Veysəlov bolqarıstanlı Nikifor Petrovla ermənistanlı Papik Nersisyana 10:0 hesabıyla qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. 

75 kq

Hüseyn Məmmədtağızadə 1/8 finalda rusiyalı Arkadiy Çerkaşinə (1:12), Nihad Quliyev isə eyni mərhələdə bu ölkənin digər təmsilçisi İslam Abasuva (2:3) uduzub. Quliyev təsəlliverici görüşdə türkiyəli Bera Koça da məğlub olub - 0:4. Məmmədtağızadə polşalı Aleksandr Bielskini (8:1) yolundan kənarlaşdırsa da, rumıniyalı Maqor Lorintslə "bürünc" mübarizəsindən məğlub ayrılıb - 1:8.

85 kq

Amin Nəsibov startda belaruslu Timur Sakirkinə (10:0), Hakim Tağıyev isə latviyalı Ernests Stabinsə (5:2) gücünü göstərib. 1/4 finalda komanda yoldaşına şans tanımayan (10:0) Nəsibov yarımfinalda türkiyəli Beytullah Sarını (8:5) da məyus edərək adını finala yazdırıb. Aminin həlledici görüşdə rusiyalı Kantemir Qiqiyevə müqavimət göstərə bilməyib - 0:10. Belədə Nəsibov da gümüş medalla kifayətlənib.

Beləliklə, sərbəst güləşçilər Avropa çempionatında 3 gümüş və 6 bürünc medal qazanıb.