Xəbərlər

Şose velosipedi üzrə Federasiya Kuboku yarışının ikinci mərhələsi keçirilib

17 avqust 2023 211

Avqustun 16-17-də şose velosipedi üzrə Federasiya Kuboku yarışının ikinci mərhələsi keçirilib. Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Səbail rayonunda yerləşən Veloparkda baş tutan turnirdə ümumilikdə 50 velosipedçi medallar uğrunda mübarizə aparıblar.

 

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışın hər iki günündə Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar 30 km, 17 yaşadək oğlanlar 22,5 km, 15 yaşadək oğlanlar 7,5 km, qadınlar isə 15 km məsafəyə dairəvi qrup ötüşməsində güclərini sınayıblar.

 

17 yaşadək oğlanların yarışında Ravi Rzayev (ROEQİUGVM, 42:27:02 / 44:59:98), 15 yaşadək oğlanların mübarizəsində Nihad Xudiyev (ROEQİUGVM, 15:59:21 / 16:17:62), qadınlar arasında isə İradə Əbdürəhmanova (Təhsil RİM, 33:58:33 / 33:03:49) hər iki yarış günündə birinci yerə layiq görülüblər.

 

Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanların mübarizəsində birinci yarış günündə Nofəl Nuriyev (MSN, 56:24:36), ikinci yarış günündə isə Kamran Mirzəxanov (Sərhədçi, 58:50:39) qızıl medal qazanıblar. 

 

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.