Xəbərlər

Sumqayıtda yeni cüdo mərkəzi fəaliyyətə başladı 

25 oktyabr 2023 395

23 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısına həmçinin stadionun yardımçı bunasında inşa edilən Sumqayıt cüdo təlim mərkəzi barədə də məlumat verilib.

Qeyd edək ki, ölkəmizdə 1972-ci ildən inkişaf etdirilməyə başlayan və ötən il özünün 50 illik yubileyini qeyd edən cüdo idman növünün ilk bölmələrindən biri elə həmin il Sumqayıt şəhərində fəaliyyətə başlayıb. Sumqayıt şəhər cüdo bölməsinin əsas mərkəzi uzun illər Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun binasında fəaliyyət göstərib. Əlamətdardır ki, yenidən qurulan stadionun binasında ən müasir standartlara uyğun olan cüdo təlim mərkəzi də inşa edilib. 

Artıq 23 oktyabrdan etibarən cüdo mərkəzi fəaliyyətə başlayıb və Sumqayıt cüdoçuları üçün ilk məşqlər keçirilib. y

Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə qurulan cüdo mərkəzinin ümumi sahəsi 1900 m2 təşkil edir. Mərkəzdə üç “dojo” (cüdo məşq zalı) mövcuddur və onların sahəsi müvafiq olaraq 540 m2, 210 m2 və 100 m2 təşkil edir. Cüdo məşq zalları Beynəlxalq Cüdo Federasiyasının standartalrına uyğun olan tatamilər ilə təchiz olunub. 

Ümumi sahəsi 100 m2 təşkil edən fiziki hazırlıq zalı cüdo idman növü üzrə fiziki hazırlıq məşğələləri üçün vacib olan zəruri avadanlıqlarla təchiz edilib. Təlim mərkəzində gözləmə zalı, hər zala görə paltardəyişmə otaqları, həkim otağı, masaj otağı, sauna mövcuddur. Həmçinin, məşqçilərin və digər inzibati işçilərin fəaliyyəti üçün iclas otağı və ofis otaqları təmin edilib.

Sumqayıt cüdo təlim mərkəzinin baş məşqçisi İlham Məmmədov bildirib ki, Sumqayıtda uşaqlar, yeniyetmələr və gənclər arasında cüdoya maraq böyükdür: “İlk növbədə Sumqayıt cüdo ictimaiyyəti adından Möhtərəm Prezidentimizə yaradılan yüksək şəraitə görə dərin minnətdarlığımızı bildiririk. Cüdo idmançıların yüksək fiziki hazırlığa malik olmaqları ilə yanaşı, həmçinin onların intellektual və mənəvi inkişafına da mühüm töhfə verir. Biz də məşqçilər olaraq, ölkə və beynəlxalq səviyyədə regionumuzu təmsil edə biləcək istedadlı cüdoçular və ən əsası layiqli vətəndaşlar yetişdirmək üçün əlimizdən gələni edəcəyik.”

Qeyd edək ki, təlim mərkəzində 1500-ə qədər yeniyetmə və gəncin daimi məşq etməsi üçün şərait mövcuddur və onlar müəssisədə işləyən 10-dan yuxarı peşəkar cüdo məşqçilərinin təcrübəsindən faydalancaqlar.