Xəbərlər

Üç güləşçimiz Paris-2024-ə lisenziya qazandı 

25 sentyabr 2023 631

Yığma komandamız Belqradda birinci oldu

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda komandamız güləşin hər üç növündə təmsil olunub. 
Sərbəst güləşçilərimiz dünya çempionatını iki gümüş, yunan-Roma güləşçilərimiz isə iki qızıl və üç gümüş medalla başa vurublar. Pəhləvanlarımız həmçinin Paris Olimpiadasına üç (bir sərbəst, iki yunan-Roma güləşi növündə) lisenziya əldə ediblər. 
Belqradda mübarizəyə ilk olaraq sərbəst güləşçilərimiz başlayıblar. Yarışa 1/8 finaldan qoşulan Osman Nurmaqomedov (92 kq) ukraynalı Denis Sahaliuk, (10:0) üzərində inamlı qələbənin ardınca amerikalı Zahid Valensiyadan güclü olub - 5:1. Təmsilçimiz yarımfinalda yaponiyalı Araş Yoşidaya da heç bir şans verməyib - 10:0. O.Nurmaqomedov həlledici görüşdə qazaxıstanlı Rizabek Aitmuxanla qarşılaşıb. Dramatik keçən final görüşündə rəqibinə 2:5 hesabıyla məğlub olan Osman gümüş medalla kifayətlənib. 
Komandamızın digər üzvü Maqomedxan Maqomedov (97 kq) isə ardıcıl olaraq serbiyalı Strahinja Despiç, türkiyəli İbrahim Çiftçi və almaniyalı Erik Tileni məğlub edərək yarımfinala yüksəlib. O, bu mərhələdə son Avropa çempionatının finalında məğlub olduğu gürcüstanlı Givi Matçaraşvilidən də üstün olub - 6:1. Beləliklə, dünya çempionatının finalına yüksələn idmançımız Paris Olimpiadasına lisenziya qazanan ilk güləşçimiz olub. Təmsilçimiz həlledici görüşdə bəhreynli Axmad Tajudinovla qarşılaşıb və rəqibinə uduzaraq çıxışını gümüş medalla yekunlaşdırıb. 
Sərbəst güləşçilərimizdən fərqli olaraq qadınlardan ibarət yığmamız mundialı medalsız başa vurublar. Serbiyaya yollanan altı idmançımızdan heç biri mükafatçılar sırasına düşə bilməyib. Təmsilçilərimizdən ən yaxşı nəticəni beşinci yeri tutan Alyona Kolosnik (59 kq) göstərib.  
Yunan-Roma güləşi üzrə millimiz isə dünya çempionatında tarixi uğura imza atıb. İki qızıl, üç gümüş medal qazanan yığmamız 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olub. Həmçinin 67 və 77 kq-da Olimpiadaya lisenziya əldə edilib. 
Çempionata 1/8 finaldan qoşulan Eldəniz Əzizli (55 kq) yaponiyalı Tayqa Onişi, qazaxıstanlı Marlan Mukaşyovu və iranlı Puya Dad Marzı məğlub edərək 3-cü dəfə dünya çempionatının finalına yüksəlib. E.Əzizli həlledici görüşdə gürcüstanlı Nuqzari Tsurtsumianı da üstələyərək müstəqillik tariximizdə yunan-Roma güləşində ilk 3 qat dünya çempionu olub.
Sənan Süleymanov (77 kq) ilk mərhələdə finlandiyalı Conni Sarkkinendən, növbəti görüşdə isə amerikalı Kamal Beydən güclü olub. Növbəti mərhələdə moldovalı Aleksandrin Qutuya da qalib gələn idmançımız 1/4 finalda qazaxıstanlı Demeu Jadrayevi yolundan kənarlaşdırıb. Sənan yarımfinalda ermənistanlı Malxas Amoyanla qarşılaşıb. Prinsipial görüşdə 5:0 hesablı inamlı qələbə əldə edən güləşçimiz dünya çempionatının finalına yüksəlməklə yanaşı, 77 kq-da ölkəmizə Olimpiya lisenziyası qazandırıb. S.Süleymanov finalda olimpiadanın gümüş medalçısı və son dünya çempionu Akjol Mahmudova uduzaraq ikinci dəfə dünya çempionatının gümüş medalını qazanıb.
Rafiq Hüseynov (82 kq) da mübarizəyə 1/8 finaldan start verib. O, ardıcıl olaraq macarıstanlı Erik Şilvassini, rusiyalı Aues Qonibovu, türkiyəli dünya və Avropa çempionu Burhan Akbudakı əzmkarlıqla məğlub edərək 3-cü dəfə dünya çempionatının finalına adını yazdırıb. Güləşçimizin finaldakı rəqibi iranlı Əlirza Mohmadipiani olub. Rəqibini 2:1 hesabıyla üstələyən təcrübəli güləşçimiz 2-ci dəfə dünya çempionluğunun sevincini yaşayıb.
Mübarizəyə 1/8 finaldan başlayan Murad Məmmədov (63 kq) amerikalı Xavyer Consona və ermənistanlı Qraçya Poqosyana 3:1 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında serbiyalı Georgi Tibilova qalib gələn M.Məmmədov həlledici görüşdə gürcüstanlı Leri Abuladzeyə məğlub olaraq gümüş medala kifayətlənib. 
Həsrət Cəfərov (67 kq) isə əvvəlcə meksikalı Edson Qutyerə, ardınca isə   macarıstanlı İştvan Vançana qalib gəlib. 1/4 finalda iranlı Olimpiya və dünya çempionu Məhəmməd Rza Gerayiyə tam üstünlüklə qalib gələn Həsrət 2 il əvvəlki məğlubiyyətin əvəzini çıxıb. Millimizin üzvü yarımfinalda isə ermənistanlı Slavik Qalstyanı mübarizədən kənarlaşdırıb. Beləliklə, karyerasında ilk dəfə dünya çempionatının finalına yüksələn H.Cəfərov həm də ölkəmizə Olimpiya lisenziyası qazandırıb. Həsrət finalda Tokio Olimpiadasında 60 kq-da qızıl medal qazanmış kubalı Luis Sançesə məğlub olaraq dünya çempionatında ikinci yeri tutub. 
Qeyd edək ki, daha əvvəl sərbəst güləşdə də belə bir nailiyyət olmayıb. Buna qədər ən yaxşı nəticələrimiz sərbəst güləşdə 2009 və 2010, yunan-Roma güləşində isə 2015 və 2022-ci ildə qeydə alınıb. Həmin dünya çempionatlarında millilərimiz komanda hesabında 2-ci yeri tutmuşdu. Yunan-Roma güləşi üzrə millimiz həm medalların əyarına, həm də toplanan xallara görə də dünya çempionatlarında Azərbaycan güləş yığmaları tarixinin ən yaxşı nəticəsinə imza atıb.
Mundialda İran (102) ikinci, Türkiyə (93) isə üçüncü yeri tutub.