Xəbərlər

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

23 aprel 2024 67

Qadın voleybolçular arasında “Azərreyl” - "Abşeron" (3:1) komandalarının final oyunundan sonra Azərbaycan çempionatının təntənəli bağlanış mərasimi keçirilib. Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, komandalara Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev, Gürcüstan Voleybol Federasiyasının prezidenti Georgi Kartveşvili və idman ictimaiyyətinin digə nümayəndələri iştirak ediblər.

 

Mükafatlandırma mərasimində çıxış edən Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov voleybolun Azərbaycanda böyük ənənəsi olduğunu bildirib. Hər iki komanda gözəl oyun sərgilədi. Azarkeşlərə də xüsusi minnətdarlığımı bildiriəm ki, sona qədər doğma komandalarını dəstəklədilər. Voleybol ölkəmizdə günü-gündən inkişaf edir. Biz hər zaman dövlətimizin qayğısını hiss edirik. Məqsədimiz Azərbaycanda voleybolu ən yüksəklərə daşımaqdır”, - deyə Şahin Bağırov bildirib.

 

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qadın voleybolçuların Yüksək Liqasında möhtəşəm oyun münasibətilə “Azərreyl” və “Abşeron” komandalarını təbrik edib. O, Azərbaycan voleybolunun yüksək səviyyədə inkişaf etdiyini bildirib. “Bu gün bayram ab-havasında oyun izlədik. Dünən kişilər arasında görüş olduqca gərgin idman mübarizəsi şəraitində keçdi. Bu gün isə "Azərreyl" və "Abşeron" komandaları arasında keçirilən oyun haqda eyni sözləri demək olar. Belə qarşılaşmalar Azərbaycanda voleybolun inkişafını göstərir", - deyə Çingiz Hüseynzadə bildirib.

 

Çıxışlardan sonra qaliblərə mükafatlar təqdim olunub. Qızıl medalları Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və Gürcüstan Voleybol Federasiyasının prezidenti Georgi Kartveşvili təqdim ediblər.

 

Həm kişi, həm də qadın voleybolçuların Yüksək Liqasında qalib olan “Azərreyl”in hər iki komandasına çempionluq kuboku və qızıl medallar təqdim olunub.

 

Kişi voleybolçular arasında gümüş medallar "Murov Az Terminal"a, bürünc mükafatlar isə "Neftçi" komandasına verilib.

 

Qadınların yarışında isə "Abşeron" ikinci, "Murov Az Terminal" üçüncü yerin sahibi olaraq mükafatlandırılıb.