Xəbərlər

Xankəndi – Bakı ultramarafonunun qalibi: Qələbəmi şəhidlərimizə həsr edirəm

04 mart 2024 124

Yarış yüksək səviyyədə təşkil olunmuşdu. Azərbaycan atletləri bir ailə kimi həm məşq keçdilər, həm də yarışdılar. 

 

Bu sözləri Xankəndi – Bakı ultramarafonunun qalibi Artyom Əliyev jurnalistlərə açıqlamasında deyib. 380 kilometrlik məsafəni qət edərək qalib olan idmançı uğurunu şəhidlərə həsr etdiyini deyib: "Çox xoşbəxtəm. Sevincimin həddi-hüdudu yoxdur. Yarışın hər günündə, hər dəqiqəsində şəhidləri yad edirdik. Bu qələbəni Vətən uğrunda canından keçən şəhidlərimizə həsr edirəm". 

 

Yarışı ikinci tamamlayan Yadigar Hüseynov isə marafonun təşkilatçılığında əməyi olan hər kəsə minnətdarlığını bildirib: "Bu sadəcə mənim deyil, bütün Azərbaycan xalqının uğurudur. Burada dayananlar və bizi müşayiət edənlərə təşəkkür edirəm. 44 günlük Vətən müharibəsində biz hamımız əziyyət çəkmişdik, vuruşmuşduq. 380 kilometr qaçmağımızda burada bizə dəstək olan hər kəsin əziyyəti var".

 

Finiş xəttinə üçüncü çatan Seymur Şahbazov ilk dəfə keçirilən bu marafonun Azərbaycan üçün tarixi an olduğunu vurğulayıb: "Xankəndidən Bakıya kimi qaçmaq çox məsuliyyətli iş idi. Bunun bir parçası olduğum üçün çox sevinirəm". 

 

Qeyd edək ki, fevralın 29-da startı verilən Xankəndi – Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 kilometr məsafə qət ediblər.

 

Marafonda müxtəlif ölkələrdən ümumilikdə 64 idmançı iştirak edib.