Xəbərlər

Yeniyetmə cüdoçularımız dünya çempionatına yola düşüblər

21 avqust 2023 248

Azərbaycanın yeniyetmə oğlanlardan və qızlardan ibarət milli komandaları avqustun 23-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək dünya çempionatına yola düşüblər.

Federasiyadan verilən məlumata görə, ölkəmiz avqustun 27-dək davam edəcək yarışda 12 çəki dərəsində 13 oğlan və 5 qız cüdoçu ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentinin müşaviri Natiq Bağırov və baş katib Rəşad Rəsullu səfərdən öncə yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıb, yeniyetmə cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər.

Dünya çempionatında cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edəcək.

Qeyd edək ki, idmançılar 23-26 avqust tarixlərində çempionatın fərdi yarışlarında, 27 avqustda isə komanda yarışlarında iştirak edəcəklər. Qızların yarışında Nigar Məmişova (40 kiloqram), Məryəm Bayramzadə (44 kiloqram), Vüsalə Hacıyeva (48 kiloqram), Xədicə Qədəşova (52 kiloqram), Kamilla Toholiyeva (63 kiloqram), oğlanların mübarizəsində isə Məhəmməd Məmişov (50 kiloqram), Nihad Məmişov (55 kiloqram), Ayxan Mirzəzadə, Mirxaliq İskəndərov (hər ikisi 55 kiloqram), Məhəmməd Musayev (60 kiloqram), Əbil Yusubov, Cəsur İbadlı (hər ikisi 66 kiloqram), Süleyman Şükürov (73 kiloqram), Aslan Kotsoyev (90 kiloqram) və Ramazan Əhmədov (+90 kiloqram) tatamiyə çıxacaqlar.

Mehdi Abbasov, Rəsul Səmədli və Ümüd Qurbanov isə komanda yarışında mübarizəyə qoşulacaqlar.