Xəbərlər

Afina “kəşfiyyatçısı” Fuad Aslanov

24 avqust 2020 1261

“O zaman üçün komandada beynəlxalq arenada nəticələrə görə ən zəifi olsa da, ən əzmkarı idi. Verilən bütün tapşırıqlara özünü yüzdəyüz, hətta deyərdim artıq həsr edirdi. Zəhmətkeşlik hesabına uğur qazandı. Nizam-intizamlı idi. Ağır məşqlər, qaçışlar zamanı bəziləri gizlənməyə, arada dincəlməyə çalışsa da, onda elə şey yox idi. Şəxsiyyətinə sığışdırmazdı ki, kimsə ona söz desin, özünə söz götürməzdi. Hər şeyə diqqətlə qulaq asardı. Məhz buna görə də uğurlu oldu”- Məmməd Eyvazov, milli komandanın sabiq baş məşqçisi

Mehdi Hüseynzadə adına stadionun buxar otağında komanda yoldaşlarımla həftənin yorğunluğunu çıxarmağın nəşəsini yaşadığımız zaman iki nəfərin sakitliyi diqqətimi çəkmişdi. Xüsusilə biri çox ağır nəfəs alır, hərdən xəyala dalır, gücü çatacaq qədər arada dostu ilə iki-üç sözlük zarafata cəhd edir və yalnız qısaca gülümsəməyi bacarırdı.

İdmançı hissiyatı ilə boksçu olduqlarını anlamışdıq. Qısa tanışlıqdan sonra ölkə çempionatına hazırlaşdıqlarını öyrəndik. Və qəfil sual eşitdim:

– Mənə neçə yaş verərsən?

– Cəmi 19 yaşım olsa da, sualın mənə ünvanlanmasına təəccüblənməmişdim. Çünki yoldaşlarım arasında həm yaşca, həm də görünüşcə ən yaşlısı mən idim. Və o anda bu yorğun adama qulaqbatırıcı susqunluğu ilə mübarizəsində dəstək olmaq üçün düşünmədən dedim:

– 24.

– Gülümsəyərək, reaksiya verdi: 27 yaşım var. Son ilimdi. Hər şeyi buna bağlamışam. Bitirirəm!

Kənardan sıradan görünən dialoqda o qədər gərginlik var idi ki, adını belə soruşmağı unutmuşdum. Amma simasını heç vaxt yadımdan çıxara bilməzdim.

Unudulmuş qəhrəman

Bir azərbaycanlının məğlubiyyətinə şad olmaq… Azmış kimi gözləri dolmaq… Özü də heç final da deyildi. Yox, ölkəmi satan adam olmamışdım mən. Bu məğlubiyyət bir Azərbaycan vətəndaşının, bir idmançının uçurum üzərindən uçan xalça ilə keçməsindən də sehrli görünürdü.

Nə etmək olardı boksun qaydaları belə idi. Yarımfinaldakı məğlubiyyət belə Azərbaycana boks tarixinin ikinci olimpiya medalını qazandırmışdı. Kim idi bu adam? Çoxlarının unutmaq üzrə olduğu biri – Fuad Aslanov.

“4 il müddətinə boksdan ayrı düşdüm. İşləyib ata-anama kömək elədim ki, onlar borclarını ödəsinlər, yaxşı yaşasınlar. Bundan əvvəl 11 dəfə Azərbaycan çempionu olmuşdum. Sonra əsgərliyi MOİK-də keçirdim və burada hərbçilər arasında qalib oldum. Həvəs gəldi, sanki yemək vaxtı iştah kimi. Bizdə son seçmələrin edildiyi Azərbaycan çempionatı dekabrda keçirildi. Yanvarda isə Avropa çempionatına qatıldıq. Təsəvvür edin 4 il ara vermişəm. Qitədə 51 kq-da heç kimi tanımıram, eləcə də onlar məni. Bir döyüş uddum, ikincidə uduzdum. Avropada bu idmançıları kənardan izləyəndə komanda yoldaşlarıma da dedim ki, mən onları udacam. Bir ay sonra lisenziya xarakterli yarışa getdim və dərhal da dünya ikincisi ilə qarşılaşdım. 9:6 hesabı ilə qalib gəldim. Baş məşqçimiz Məmməd Eyvazov da sevincək halda “Fuad, sən özünə gəlmisən” deyirdi. Ardından dünya üçüncüsünü də uddum” – deyə xatırlayacaqdı qəhrəmanım.

Boksçularımızın rekordu

Bu olimpiada öz nüfuzu ilə yanaşı məhz tarixi bir anda və tarixi məkanda – olimpiya oyunlarının evi Afinada keçirilməsi ilə amansız bir döyüş meydanına çevrilmişdi. Ölkəmizi 9 boksçu – Ceyhun Abiyev, Fuad Aslanov, Ağasi Məmmədov, Şahin İmranov, Rövşən Hüseynov, Ruslan Xairov, Cavid Tağıyev, Əli İsmayılov və Vüqar Ələkbərov təmsil edirdi. (Bu rekord yalnız 12 il sonra 11 nəfər olmaqla Rio Olimpiadasında qırılacaqdı – S.A).

2004-cü ilin 14-29 avqust tarixləri arasına sığan 15 gün ərzində 286 boksçu 11 dəst medal üçün vuruşacaqdı. Bu 286 nəfəri seçmək üçün Avropada 5, Afrika, Asiya, Amerika qitəsinin hərəsində 3, Avstraliya və Okeaniyada 1 lisenziya xarakterli turnir keçirilmişdi.

12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan milli komandası bu möhtəşəm yarışdan vətənə 1 qızıl, 4 bürünc medalla qayıtdı. “Bürünc”lərdən 2-si boksçuların – Fuad Aslanovla Ağasi Məmmədovun adına yazılmışdı. Bu oyunlarda BOK-un üzvü olan 204 ölkədən 202-si iştirak edirdi.

Qatarın sonuncu sərnişini

Bu əfsanə heç başlamaya da bilərdi. Fuad Aslanov millinin sonuncu – 9-cu lisenziyasını qazanmışdı. “Hamıya “stavka” edirdilər. Məndən isə əllərini üzmüşdülər. Deyirdilər ki, yaşlıdır. Həm də ara vermişdim deyə, ümumiyyətlə inanmırdılar” fikirləri də bunun təsdiqi idi. Amma onun idmanla yoğrulan həyatı ilə çarəsizlik arasındakı döyüşü bitməmişdi. Qismətdən Afina olimpiadasının 1/4 finalında bir müddət əvvəl Avropa çempionatında uduzduğu polşalı Adrjez Rzani ilə qarşılaşır və qisasını alır. Yarımfinalda uduzsa da, o artıq hər kəsin qürur mənbəyinə çevrilmişdi. Bu, sırf valideynlərini digər sevgisindən – boksdan üstün tutması üzündən əminliklə demək olar ki, Avropa və dünya çempionatlarının mükafatlarını da düşünməyən birinə həm ata-ana duası, həm də 14 illik əziyyətin haqqı idi. Olimpiadada aktivində yalnız Azərbaycan çempionluqları olan birinin rəqiblərini azacıq araşdırdıqda hər şey göz önünə gəlir. O, madaqaskarlı Corc Rakotarimbelo, 2004-cü il Avropa çempionatının bürünc mükafatçısı gürcü Nikoloz İzoriya, 2004-cü il Avropa çempionatının bürünc mükafatçısı polşalı Andrjez Rzani, 2000-ci il Sidney olimpiadasının bürünc, 2001-ci il Belfast dünya çempionatının qızıl, 2002-ci il Perm Avropa çempionatının bürünc mükafatçısı fransız Jerom Tomasla döyüşməli olmuşdu.

Ölkə başçısının xilas etdiyi adam

Prezident İlham Əliyevin həm də Milli Olimpiya Komitəsinin rəhbəri olması idmançılar üçün böyük bir məsuliyyətdi. Ölkə başçısı bu sahədən xüsusilə məlumatlıdı. İdmançılar da bunu gözəl bilirlər. Dəfələrlə prezidentlə görüşlərdə, olimpiadalarda Azərbaycan günlərində qısaca da onunla söhbət etmək imkanı əldə edən təmsilçilərimiz xoş təəccüb yaşayırdılar. O, nəinki komandamızın üzvləri haqda məlumatlı olurdu, hətta bir çox hallarda rəqiblərindən də danışırdı. Sosial çətinliklərini xüsusilə diqqətdə saxlayırdı. Fuad Aslanov da xoş payına görə İlham Əliyevə bu gün də minnətdarlıq edir, ona xilaskar gözü ilə baxır: “Evimiz yox idi, çox pis vəziyyətdə yaşayırdım. Ailəli idim, bir oğlum var idi. Ana, ata, bacı, qardaşlar, bir sözlə hamımız iki otaqlı evdə kirayə qalırdıq. Allah ondan razı olsun, cənab Prezident mənə Bakıda ev bağışladı. Onun etimad göstərdiyi, Sumqayıt şəhərinin icra hakimi Vaqif Əliyev hal-hazırda yaşadığım üçotaqlı evi bağışladı. Dövlətin ayırdığı mükafatdan atam-anam üçün də ev aldım. Maşın da aldım, onların şəraitini də düzəltdim. İndi o çətinliklər yoxdu, normal insan necə yaşamalıdısa, onu yaşayırıq”.

Uğur yolunun sirri

Milli komandamızın sabiq baş məşqçisi Məmməd Eyvazovun komandasındakı nizam-intizamdan Fuad Aslanova da pay düşmüşdü. Çox ağır hazırlığı ilə ad çıxaran mütəxəssisin məşqlərindən birində boksçunun ayağında dərisinin qalın hissəsi qopur. Amma bu yaranı olimpiya medalı çox tez unutdurur: “Bütün işlər kimi idman da zəhmət tələb edir. Məndə həm də güclü hissiyat var. 3, hətta 5 il sonranı belə beynimdə görə bilirəm. Düşünürəm ki, mən 3 ilə bunu edib filan məqama çatmalıyam. Öz həyatımın cizgilərini gözümün qarşısında da belə cızıram”.

Karyerasını bitirsə də Aslanovun uğur yolu bu gün də davam edir. Hakim qismində Avropa oyunları, olimpiya oyunlarında, WSB-nin finalında yeganə azərbaycanlı referi olub. Ən yaxşı hakim kimi 4 böyük yarışda təltif olunub.

Təvazökarlığı üzündən uğurlarından danışmasa da, rəhbəri olduğu 1 nömrəli uşaq-gənclər idman məktəbi Sumqayıtda ən böyük məktəbdi. Onun səyləri nəticəsində məktəb olimpiya ehtiyatları statusu alıb. Burada 6 növ tədris olunur. 2018/2019-cu tədris ilində ölkədəki 100-ə yaxın şahmat-idman məktəbi arasında beynəlxalq arenada da ən yüksək göstərici Avropa çempionatları və dünya kuboklarında 14 medal olmaqla Sumqayıtın bu məktəbinə məxsusdur.

Bu uğur yolunda bir mistika olmamış deyildi. Mehdi Hüseynzadənın adını daşıyan arenaya sanki o da son kəşfiyyatına gəlmişdi. İstənilən halda müharibəni udmaq lazım idi. Qurbana çevrilmək milyonları üzüntüyə qərq etməkdən qorxulu ola bilməzdi. Fuad Aslanov da qəhrəmandı. Olimpiya tariximizin və hər bir azərbaycanlının qəhrəmanı.