Xəbərlər

Avarçəkənlərimiz "Prezident Kuboku-2025" beynəlxalq reqatasını 14 medala başa vurdular

02 may 2025 179

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Prezident Kuboku-2025" beynəlxalq reqatasına yekun vurulub. 

 

Olympic.az xəbər verir ki, Mingəçevir "Kür" Olimpiya Tədris İdman Mərkəzində keçirilən yarışların son günündə avarçəkənlərimiz daha 6 (1 qızıl, 3 gümüş, 2 bürünc) medal qazanıblar. 

 

Təmsilçilərimizdən 2009-2010-cu illər təvəllüdlü idmançılar arasında ikinəfərlik kayak qayığında (K-2) 200 metr məsafəyə yürüşdə İvan Vorobjanski - Hüseyn Həsənov cütlüyü ikinci, Vacib Babayev - Nuran Rəhimli cütlüyü üçüncü olub. 

 

İkinəfərlik kayak qayığında (K-2) 200 metr məsafəyə yürüşdə 2011-2012-ci illər təvəllüdlü idmançılar arasında Əziz Əhmədli - Kamal Tağıyev cütlüyü gümüş, Sənan Cəfərzadə - Tahir Mövsümov cütlüyü isə bürünc medalla kifayətlənib. 

 

İkinəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə yürüşdə 2006-2007-ci illər təvəllüdlü idmançılar arasında Nurlan Paşayev - Cahangir Məmmədli cütlüyü gümüş medala yiyələnib. 

 

Komandamıza yeganə qızıl medalı isə birnəfərlik kayak qayığında (K-1) 1000 metr məsafəyə yürüşdə 2009-2010-cu illər təvəllüdlü idmançılar arasında çıxış edən Əlimurad Hacızadə qazandırıb.

 

Bu, idmançımızın "Prezident Kuboku-2025" beynəlxalq reqtasındakı ardıcıl üçüncü medalı olub. O, yarışların ilk iki günü bir bürünc və bir gümüş medalla başa vurmuşdu.  

 

Qeyd edək ki, yarışların ilk iki günündə Azərbaycan idmançıları 3 gümüş və 5 bürünc medal qazanmışdılar.

 

Bununla da Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025" beynəlxalq reqatasını 14 (1 qızıl, 6 gümüş və 7 bürünc) medalla tamamlayıb.