Xəbərlər

Azərbaycan güləşçisi: Qələbəmi Vətən uğrunda canından keçən şəhidlərimizə həsr edirəm - MÜSAHİBƏ

03 oktyabr 2023 233

Bakıda keçirilən kəmər güləşi üzrə Avropa çempionatında qızıl medal qazanan Azərbaycan güləşçisi Gözəl Zutova AZƏRTAC-a müsahibə verib.

Bakıda keçirilən kəmər güləşi üzrə Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxdınız. Əvvəlcə təəssüratlarınızı bilmək istərdik...

- İlk dəfə deyil ki, Avropa çempionu oluram. Əlbəttə, çox qürurverici hissdir. Yaşım az deyil. Bu yaşda bir çox idmançı idmandan uzaqlaşır. Amma mən bu barədə heç vaxt düşünməmişəm. Bu yolda çox əziyyət çəkdim. Çıxdığım hər yarışda bunun bəhrəsini görürəm.

Yarışda sizə ən çox çətinlik yaradan rəqib kim oldu?

- Heç biri mənə çətinlik yaratmadı. Heç final görüşündə də həyəcan yox idi. Çünki qarşılaşdığım güləşçiləri daha əvvəl dəfələrlə məğlub etmişəm. Buna baxmayaraq, arxayınlıq hissi olmadan məşqlərdə ciddi hazırlaşırdım. Ona görə də özümü tam hazır hiss edirdim. İdmançı o zaman həyəcanlı olur ki, ya yarışa yaxşı hazırlaşmır, ya da hər hansı zədəsi olur. Belə anlarda idmançıda özünəinam hissi olmur. Amma gününün çox hissəsini məşqlərdə keçirən idmançının rəqibi nə qədər güclü olursa-olsun, onun üçün yarış çox yüngül keçir.

Qalibiyyətdən sonra ailənizdən, dostlarınızdan, həmkarlarınızdan necə reaksiyalar aldınız?

- Həm ailəm, həm dostlarım, həm də həmkarlarım məni bu münasibətlə təbrik etdilər. Hətta qələbəni birlikdə qeyd etdik. Altı yaşlı qızım final görüşümü izləmək və mənə dəstək olmaq üçün arenaya gəlmişdi. Onun “sən güclüsən, çempion olacaqsan” deməyi məni bütün təbriklərdən, hədiyyələrdən daha çox sevindirir.

Qazandığınız qızıl medalı kimə həsr edirsiniz?

- Medalımı Vətən uğrunda canından keçən bütün şəhidlərimizə həsr edirəm.

Həm güləş, həm kəmər güləşi, həm də MMA döyüşündə kifayət qədər nailiyyətiniz var. Ayrı-ayrılıqda üç idman növü ilə məşğul olmaq çətin deyil?

- Sərbəst güləş və MMA döyüşü ilə uzun illərdir məşğul oluram. Döyüş elə idman növüdür ki, nə qorxu hissi olur, nə də ki rəqibdən çəkinmə. Açığı, MMA mənə güləşdən daha asan gəlir. Çünki burada əsas bir şərt var: döyməsən, döyüləcəksən. Güləşdə isə rəqibə qalib gəlmək nisbətən daha çətindir. Çünki qalibiyyət də, məğlubiyyət də xaldan asılıdır.

İdmanın hansı növündə özünüzü daha uğurlu hesab edirsiniz?

- MMA-da özümü daha uğurlu hesab edirəm. Çünki bu növdə özümə güvənim tamdır. Mübarizə ruhu çox yüksək olan bir idmançıyam. İstər səhər, istərsə də axşam mənim üçün fərq etmir. Hər gün yeddi saat məşq edirəm. Demək olar ki, ömrümün yarısı zallarda keçib.

Azərbaycanda yerli qadın idmançıların sayı kişi idmançıların sayından daha azdır. Sizcə, bu nə ilə bağlıdır?

- Bəli, bu reallıqdır ki, ölkəmizdə qadın idmançıların sayı azdır. Azərbaycanı yarışlarda əsasən, xaricdən gələn qadın idmançılar təmsil edirlər. İstərdim ki, valideynlər, müəllimlər kiçik, yeniyetmə, gənc qızlarımızı idmana cəlb etsinlər. Qadınlarımız da idmana maraq göstərsinlər. Həm öz ölkəmizdə, həm də beynəlxalq yarışlarda bayrağımızı dalğalandırıb, himnimizi səsləndirsinlər.

Qadın idmançı üçün bu qədər nailiyyət əldə etmək heç də asan deyil. Bəs, siz bu yolda hansı maneələrlə rastlaşmısınız?

- Nə zaman idmançı qələbəni ürəkdən arzulayır və bunun üçün həqiqətən əziyyət çəkir, o zaman istəyinə nail olur. Əgər idmançı gücünə güvənirsə və özünəinamı tamdırsa, kimsə ona mane ola bilməz. Hər şey insanın öz iradəsindən asılıdır.

Siz həm də məşqçisiniz. Tələbələrinizlə münasibətiniz necədir?

- Münasibətim yaxşıdır. Müəllim tələbələr üçün ikinci valideyn kimidir. Ümumiyyətlə, müəllimin gənc idmançılar üzərində rolu böyük olur. Mən bütün tələbələrimə ciddi nəzarət edirəm. Hətta zalın girişində kamera var, onları günboyu izləyirəm. Zala nə zaman daxil olmaları və evə getmələri barədə məlumatım olur. Düzdür, elə tələbələrim var ki, məsuliyyətlidir, məşqlərə ciddi yanaşır. Amma bəziləri məşqlərdən yayınır. Buna görə də nizam-intizama xüsusi diqqət edirəm.

İdmançı olmaq istəyən qızlara nə məsləhət görərdiniz?

- İndiki dövrdə xanımların çoxu idmanla təkcə arenada çıxıb vuruşmaq üçün yox, sırf bədən quruluşunun yaxşı olması üçün məşğul olur. Amma uğur qazanan idmançıların hamısının ağlından sadəcə döyüşmək keçir. Bundan başqa bir şey düşünmürlər. Mən məsləhət görürəm ki, yaxşı nəticə üçün heç olmasa, gündə ən azı 40 dəqiqə məşq etsinlər. Özlərini inkişaf etdirsinlər və yarışlara fokuslansınlar.

Qarşıdakı hədəfləriniz nədir?

- Hazırda sadəcə gələn ay iştirak edəcəyim yarışlar haqqında düşünürəm və onlara hazırlaşıram.