Xəbərlər

Azərbaycan idmançıları Beynəlxalq İdman Festivalında medallar qazanıblar

24 avqust 2023 207

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında Azərbaycan idmançıları qazandıqları növbəti medalları ölkəmizə gətirəcəklər.

Qadın güləşçimiz Birgül Sultanova (65 kq) serbiyalı Mariya Tsvetkovaya qalib gələrək bürünc medal qazanıb.

Qadınlar arasında güləş üzrə mübarizə aparan digər idmançımız Mərziyyə Sadıqova (72 kq) rəqibi rusiyalı Violetta Vlasovanı 6:2 hesabı ilə üstələyərək qızıl medal qazanıb.

Boksda mübarizə aparan Tural Sarıyev (51 kq) erməni döyüşçü Hayk Alaberkyan ilə döyüşdə son anda qalibiyyəti əldən verib və gümüş medalla kifayətlənib.

Digər boksçumuz Nicat Hüseynov (51 kq) rəqibi rusiyalı boksçu Roman Osipovu rinqdən məyus ayrılmağa vadar edib və qızıl medalı aktivinə yazdırıb.

Boksçumuz Fərhad Şeydayev (75 kq) rəqibi rusiyalı Eduard Gabitova məğlub olaraq gümüş medal qazanıb.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.