Xəbərlər

Azərbaycan Kinematoqrafçılar İttifaqında II Milli İdman Filmləri və Proqramları Festivalının münsiflər heyətinin iclası keçirilib

25 dekabr 2023 301

Festivalın münsiflər heyətinin sədri, Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinova münsiflər heyətinin səsverməsinin hansı qaydada keçiriləcəyindən danışıb.

 

O, qeyd edib ki, münsiflər heyəti hər nominasiya üzrə qalib olmaq üçün 3 namizəd seçəcək və onlardan nominasiyanın qalibi seçiləcək. Zemfira xanım bildirib ki, festival qadın idmanı və idmançılarla bağlı verilişlərin yer aldığı “Zərif qəhrəman” nominasiyasını təsis edərək, müxtəlif beynəlxalq yarışlarda ölkəmizi təmsil edən və ən yüksək dəyərə malik medallar qazanan qadın idmançılarımızı, ölkəmizin çoxmilyonlu tamaşaçıları ilə tanış etmək missiyasını öz üzərinə götürüb.

 

Festivalın münsiflər heyətinin üzvü, “Vətən” Uşaq Yaradıcılıq Mərkəzinin təsisçisi Zəhra Quliyeva çıxışında bildirib ki, “Gələcək qaliblər” nominasiyasına təqdim olunan uşaq və yeniyetmə idmançılara həsr olunmuş film və proqramlar təqdirəlayiqdir. Çox əhəmiyyətli bir təşəbbüsdür. Bu filmlər və verilişlər gənc nəslin idmana cəlb olunması üçün yaxşı stimul olacaq. 

 

“Bakılı oğlanlar” komandasının üzvü, rejissor və prodüser Ənvər Mansurov  Milli Olimpiya Komitəsinin təsis etdiyi Festivalın keçirilməsində tərəfdaşların iştirak etməsinin çox mühüm amillərdən biri olduğunu vurğulayıb.

 

Festivalın tərəfdaşı “Cüdo Klub-2012” İctimai Birliyinin (sədri veteranlar arasında cüdo üzrə dünya çempion, Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Azər Əsgərov) olduğunu bildirən Ə. Mansurov festivalın informasiya tərəfdaşlarının dövlət və özəl televiziya kanalları və ölkənin aparıcı xəbər agentlikləri olduğunu da diqqətə çatdırıb. O, bu il Festivalın təkcə ölkə KİV-ləri tərəfindən deyil, həm də MDB ölkələrinin aparıcı media şirkəti - “МИР” Dövlətlərarası Teleradio Şirkəti tərəfindən işıqlandırılacağını da bildirib. Ə. Mansurov ümidvar olduğunu bildirib ki, Festival zamanı hökumət, kommersiya təşkilatları və şirkətlər tərəfdaş kimi ona dəstək olacaqlar.

 

Belə ki, müxtəlif idman növlərinə və idmançılara həsr olunmuş yeni film və proqramların, tanıtım videolarının yaradılması ölkə vətəndaşlarının, xüsusilə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində və inkişafında mühüm amil olacaqdır.    

 

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Oleq Səfərəliyev bildirib ki, müsabiqəyə göndərilən film və proqramlar Festivalın əsas ideyasına - müxtəlif idman növlərinə, sağlam həyat tərzinə marağın artırılması, müasir cəmiyyətdə onun rolunu başa düşmək, idman və idmançılar haqqında vizual əsərlərin yaradıcılarını həvəsləndirmək və onlara dəstək vermək missiyası baxımından çox əhəmiyyətlidir.

 

O. Səfərəliyev təqdim olunan əsərlərin keyfiyyətinə xüsusi diqqət yetirilməsinin, bu əsərlərin dramaturgiyasına və hazırlanmasına peşəkar yanaşmanın olmasını qeyd edib. 

 

Festivalın münsiflər heyətinin iclasının sonunda Milli Olimpiya Komitəsinin rəhbərliyinə, festivalın fəaliyyətini dəstəkləyən tərəfdaşlara və media tərəfdaşlarına təşəkkür bildirilib.