Azərbaycan komandası Dakar-2026-da 13 idmançı ilə mübarizə aparacaq
28 oktyabr 2026 - 11:30 25
Seneqalın paytaxtı Dakarın ev sahibliyi edəcəyi Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının başlanmasına sayılı günlər qalır. Oktyabrın 31-dən noyabrın 13-dək davam edəcək mötəbər yarışda dünyanın müxtəlif ölkələrindən olan istedadlı yeniyetmə idmançılar 25 idman növü üzrə qüvvələrini sınayacaq. Afrika qitəsində ilk dəfə təşkil olunacaq Olimpiya tədbirində Azərbaycan 8 idman növündə 13 idmançı ilə təmsil olunacaq.
Ölkəmizin idmançıları Dakar Olimpiadasında çimərlik güləşi, üzgüçülük, taekvondo, boks, qılıncoynatma, şosse velosipedi, cüdo və atletika yarışlarında mübarizə aparacaqlar. Komandamızın heyətində ən çox təmsilçi çimərlik güləşinin payına düşür. Bu idman növündə dörd idmançımız - Günel Kərimli (55 kq), Elgün Kərimli (90 kq), Tunar Quliyev (70 kq) və Nihad Süleymanlı (80 kq) ölkəmizin idman şərəfini qoruyacaq. Üzgüçülük yarışlarında Süleyman İsmayılzadə və Məryəm Cavadova, taekvondoda isə Zəhra İsayeva (44 kq) və Adil Kazımlı (73 kq) mübarizə aparacaq. Boksda Gülər Hüseynova (51 kq), qılıncoynatmada Abbas Hüseynov, şosse velosipedində Nihad Xudoyev, cüdoda İbrahim Talıbov (-55 kq), atletikada isə Daniil Şuvayev Azərbaycanı təmsil edəcək.
Yeniyetmələrin IV Yay Olimpiya Oyunları Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi altında təşkil olunan beynəlxalq idman, təhsil və mədəniyyət festivalıdır. Yarışların Afrikada keçirilməsi qitənin Olimpiya Hərəkatında iştirakının genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dakar-2026 həm də Kirsti Koventrinin BOK prezidenti seçilməsindən sonra keçiriləcək ilk Yeniyetmələr Olimpiya Oyunları olacaq. Oyunların ilkin olaraq 2022-ci il oktyabrın 22-dən noyabrın 9-dək keçirilməsi planlaşdırılmışdı. Lakin sonradan təqvimdə dəyişiklik edildi və yarışların 2026-cı ilə keçirilməsi qərara alındı. Bu qərar 2020-ci ildə COVID-19 pandemiyasının yaratdığı şərait, eləcə də Tokio Yay Olimpiya Oyunlarının 2020-ci ildən 2021-ci ilə təxirə salınmasının təşkilati və iqtisadi nəticələri ilə əlaqədar qəbul edildi.
Beləliklə, Dakarın seçilməsi ilə Afrika qitəsində ilk Yeniyetmələrin Olimpiya Oyunlarının keçirilməsi üçün mühüm addım atıldı. Oyunların yüksək səviyyədə təşkili üçün Seneqalda genişmiqyaslı hazırlıq işləri həyata keçirildi. Təqvimin dəyişdirilməsindən sonra infrastruktur layihələrinin icrası və təşkilati hazırlıqlar yeni tarixə uyğunlaşdırıldı. BOK-un 141-ci sessiyasında Oyunlara hazırlıqla bağlı yenilənmiş məlumatlar, o cümlədən zəruri infrastrukturun təkmilləşdirilməsinə dair ətraflı iş qrafiki təqdim edildi. Hazırlıq mərhələsində idman obyektlərinin yenilənməsi, yeni məkanların yaradılması və yarışların təşkili üçün lazımi şəraitin təmin olunması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirildi.
Oyunların açılış mərasimi oktyabrın 31-də Seneqal futbol millisinin ev oyunlarını keçirdiyi Abdulaye Vade stadionunda təşkil olunacaq. Dakar-2026 noyabrın 13-də bağlanış mərasimi ilə başa çatacaq. İki həftəyə yaxın davam edəcək bu idman bayramı gənc atletlərin beynəlxalq təcrübə qazanması, müxtəlif ölkələrdən olan həmyaşıdları ilə ünsiyyət qurması və Olimpiya dəyərlərini mənimsəməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək. Azərbaycan komandası da Dakar idman meydanlarında uğurlu çıxış etməyi qarşıya məqsəd qoyub. Səkkiz idman növündə mübarizə aparacaq 13 təmsilçimizin nəticələri idman ictimaiyyətinin diqqət mərkəzində olacaq. Ümid edirik ki, yeniyetmə idmançılarımız yarışlarda əzmkarlıq nümayiş etdirərək ölkəmizi layiqincə təmsil edəcək və Azərbaycan idmansevərlərinə sevinc bəxş edəcəklər.
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında
Yeniyetmələrin Olimpiya Oyunları Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi və himayəsi altında 14-18 yaşlı idmançılar arasında keçirilir. Azərbaycan idmançıları bu oyunlarda ilk gündən- 2010-cu ildən iştirak edir. 2010-cu il avqustun 14-dən 26-na kimi Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunları yeniyetmə idmançıların, idmansevərlərin yaddaşında həmişəlik qaldı. İdman və Olimpiya oyunlarının tarixinə qızıl hərflərlə yazılan bu olimpiadada yeniyetmələr dostluq, qardaşlıq, bir-birinə hörmət, məhəbbət nümayiş etdirdilər. Onlar bir daha sübut etdilər ki, idman ayrı-ayrı xalqların, dövlətlərin arasında sülh, əməkdaşlıq, mehriban münasibət yaradan bir qüvvədir.
Sinqapur-2010 Yay Olimpiya Oyunlarında dünyanın 204 ölkəsindən 3531 atlet 26 idman növ üzrə yarışlarda mübarizə aparırdı. Olimpiadada 6 idman növü üzrə 12 idmançı (5 güləşçi, 3 boksçu, 1 ağırlıqqaldıran, 1 cüdoçu, 1 taekvondoçu, 1 kanoeçi) ilə təmsil olunan Azərbaycan komandası yarışları 8 medalla başa vurdu. İdmançılarımızdan Sinqapur-2010 Olimpiadasında yunan-Roma güləşçilərimiz Murad Bazarov (42 kq), Elman Muxtarov (50 kq), qadın güləşçimiz Patimat Baqomedova (52 kq), ağırlıqqaldıranımız Nicat Rəhimov (69 kq) və sərbəst güləşçimiz Əli Məhəmmədabirov (100 kq) qızıl medal qazandı. Gümüş medallara isə sərbəst güləşçimiz Kənan Quliyev (54 kq), boksçularımız Salman Əlizadə (48 kq) və Elvin İsayev (boks, 57 kq) layiq görüldü. Sinqapurda 12 gün davam edən və yalnız 97 ölkənin medal qazandığı yarışlarda ölkəmiz ABŞ, Çin, Rusiya kimi ölkələrlə bir sırada yer aldı. Ölkəmiz 8 medalla (5 qızıl, 3 gümüş) dünya ölkələri sırasında 11-ci, Avropa ölkələri sırasında 6-cı yeri tutdu.
Yeniyetmələrin II Olimpiya Oyunları isə 2014-cü il avqustun 16-dan 18-dək Çinin Nankin şəhərində keçirildi. Nankin-2014 Olimpiadasında 203 ölkədən 3579 atlet 28 idman növündə mübarizə apardı. Azərbaycan komandası Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 9 idman növündə 21 idmançı ilə təmsil olundu. Atletlərimiz Yeniyetmələrin II Yay Olimpiya Oyunlarını 12 (5 qızıl, 6 gümüş 1 bürünc) medalla 10-cu pillədə başa vurdu. Qızıl medalları komandamıza sərbəst güləşçilərimiz Teymur Məmmədov (63 kq), İqbal Hacızadə (100 kq), yunan-Roma güləşçimiz İslambek Dadov (69 kq), boksçumuz Rüfət Hüseynov (49 kq) və taekvondoçumuz Səid Quliyev (73 kq) qazandırdı. Leyla Qurbanova (52 kq, qadın güləşi), Leyla Əliyeva (44 kq), Natiq Qurbanlı (55 kq, hər ikisi cüdo), Ceren Özbek (44 kq, taekvondo), Cabbar Nəcəfov (50 kq, yunan-Roma güləşi), Boris Yotov (akademik avarçəkmə) gümüş, Nazim Babayev (atletika, üçtəkanla tullanma) isə bürünc medala sahib oldu.
Yeniyetmələrin III Yay Olimpiya Oyunları oktyabrın 6-dan 18-dək Argentinanın paytaxtı Buenos-Ayresdə keçirildi. Budəfəki Olimpiadada dünyanın 206 ölkəsindən 3998 idmançı 32 idman növündə qüvvəsini sınadı. Yarışların keçirilməsi əsasən dörd ərazi-Urban, Yaşıl, Teknopolis və Olimpiya parkları üzrə planlaşdırılmışdı. Azərbaycan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 17 (8 qız, 9 oğlan) idmançı ilə təmsil olundu. Komandamız Oyunları 6 (2 qızıl, 1 gümüş, 3 bürünc) medalla başa vurdu. Cüdoçu Vüqar Talıbov (-66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) qızıl medala layiq görülərək Vətənə Olimpiya çempionu kimi qayıtdılar. Komandamıza yeganə gümüş medalı ağırlıqqaldıran Tarmenxan Babayev (85 kq) qazandırdı. Tekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və qadın güləşçimiz Şahanə Nəzərova (43 kq) isə bürünc medala sahib oldular. Bədii gimnast Yelizaveta Luzanın qazandığı qızıl medal Beynəlxalq Olimpiya Komitəsinin qarışıq komandasının hesabına yazıldığından gimnastımızın qızıl medalı ümumi sıralamada öz ölkəsinin adından göstərilməyib. Bu nəticə ilə Azərbaycan komandası medal əyarına görə 208 ölkə arasında 34-cü, medal sayında isə 38-ci yeri tutdu.
Beləliklə, Azərbaycan komandası bu günədək keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarının hər üçündən Vətənə medallarla qayıtmağı bacarıb. İdmançılarımızın hesabında ümumilikdə Yeniyetmələrin Yay Olimpiya Oyunlarının 26 medal - 12 qızıl, 10 gümüş və 4 bürünc medalı var. Dakar-2026-da da idmançılarımızın bu ənənəni davam etdirəcək medal xəzinəmizi daha da zənginləşdirməsi gözlənilir. Ümid edirik ki, atletlərimiz Afrika qitəsindən də yeni qələbələr və medallarla qayıdacaq.
Azərbaycan idmançılarının Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qazandığı nəticələr
|
Yarış |
Qızıl |
Gümüş |
Bürünc |
Cəmi |
|---|---|---|---|---|
|
Sinqapur-2010 |
5 |
3 |
0 |
8 |
|
Nankin-2014 |
5 |
6 |
1 |
12 |
|
Buenos-Ayres-2018 |
2 |
1 |
3 |
6 |
|
Cəmi |
12 |
10 |
4 |
26 |
Bənzər xəbərlər
Bakıda Dünya Atletikasının dəstəyi ilə seminar keçirilir
Azərbaycan Atletika Federasiyasının (AAF) təşkilatçılığı ilə məşqçilər üçün seminara start ... Ətraflı
Azərbaycan boksçularının Avropa çempionatlarında medal sayı 25-ə yüksəlib
Azərbaycan boksçuları 2026-cı ildə Avropa çempionatlarında uğurlu çıxışlarını davam etdirirlər.
Milli ... Ətraflı