“Ümid edirik ki, Dakardan medallarla qayıdacağıq”
28 oktyabr 2026 - 11:08 38
Oktyabrın 31-dən noyabrın 13-dək Seneqalda Yeniyetmələrin IV Yay Olimpiya Oyunları keçiriləcək. Yarışlar Seneqalın paytaxtı Dakarda, Diamniado və Salidə təşkil olunacaq. Artıq Azərbaycan Olimpiya komandası yarışa hazırlıq prosesini yekunlaşdırmaq üzrədir. Bu barədə Milli Olimpiya Komitəsinin xarici əlaqələr idarəsinin müdiri və Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının şef-de-missionu Anar Bağırov məlumat verib. O, yarışa hazırlıq vəziyyəti, səfər qrafiki, açılış mərasimi və Oyunların təşkili ilə bağlı məsələlər barədə danışıb.
- Anar müəllim, Dakar-2026-da Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin tərkibi barədə məlumat verməyinizi istərdik. Ümumi komanda neçə nəfərdən ibarətdir və idmançılarımız nə vaxt yola düşəcəklər?
- Ümumilikdə nümayəndə heyətimiz 23 nəfərdən ibarətdir. Heyətə bir missiya rəhbəri, 13 idmançı, səkkiz məşqçi və bir həkim daxildir. İdmançılarımız səkkiz idman növündə - cüdo, çimərlik güləşi, qılıncoynatma, şosse velosipedi, taekvondo, atletika, üzgüçülük və boks idman növü üzrə yarışlarda mübarizə aparacaqlar. İlk olaraq oktyabrın 27-də həkimimizlə birlikdə yola düşəcəyəm. Məqsədimiz yarışlar başlamazdan əvvəl təşkilati məsələlərlə yerində tanış olmaq və idmançılarımız üçün mümkün qədər əlverişli şərait yaratmaqdır. Bu dəfə səfər qrafiki əvvəlkilərdən fərqlənir. Hər idman növü üzrə komanda yarışların başlanmasına iki-üç gün qalmış Dakara gedəcək, çıxışını başa vurduqdan sonrakı gün isə Vətənə qayıdacaq. Buna görə nümayəndə heyətimizin üzvləri müxtəlif tarixlərdə Seneqala yollanacaq. İlk olaraq isə cüdo və üzgüçülük idman növlərində mübarizə aparacaq idmançılarımız Dakara yola düşəcək.
- Oyunların açılış mərasimi necə təşkil olunacaq? Azərbaycan nümayəndə heyəti mərasimdə hansı tərkibdə iştirak edəcək?
- Açılış mərasimi Seneqal futbol millisinin ev oyunlarını keçirdiyi Abdulaye Vade stadionunda təşkil olunacaq. Mərasimin festival formatında keçirilməsi nəzərdə tutulur və idmançıların paradı da əvvəlki Oyunlarla müqayisədə daha yığcam olacaq. İştirak qaydalarına əsasən, mərasimdə idmançılar və komanda rəsmilərindən yalnız bir nəfər iştirak edə biləcək. Nümayəndə heyətinin digər üzvləri isə mərasimi tribunadan izləyə bilərlər.
- Komandamızın bayraqdarlarının adları müəyyənləşibmi?
- Bayraqdarlar üzgüçülük idman növünün təmsilçiləri Süleyman İsmayılzadə və Məryəm Cavadova olacaq. Cüdoçumuzun yarışının açılış mərasiminin səhəri günü mübarizəyə başlaması səbəbindən onun mərasimdə iştirakı dəqiq deyil.
- Milli Olimpiya Komitəsi tərəfindən Oyunlara hazırlıq prosesinin təşkili hansı səviyyədədir? Komandamızın nəticələri ilə bağlı gözləntiləriniz nədən ibarətdir?
- Hazırlıq prosesi ümumilikdə yaxşı keçib. Komandamızın ehtiyac duyduğu məsələlər həll olunub və hazırda əsas diqqət yarışlara yollanmağa yönəlib. Artıq idmançılarımıza da Oyunlarla bağlı müxtəlif təlimatlar verilib. Heyətimiz sayca kiçik olsa da, komandamızın tərkibində yüksək nəticələr əldə etməyə qadir olan idmançılar var. Ümid edirik ki, Dakardan medallarla qayıdacağıq.
- Kvotaların bölüşdürülməsi ilə bağlı müəyyən narazılıqların olduğunu qeyd etmişdiniz. Bu məsələ nədən qaynaqlanır?
- Əvvəlki illərdə idmançıların dünya və Avropa çempionatlarındakı nəticələri, reytinq göstəriciləri və digər nailiyyətləri nəzərə alınırdı. Bu dəfə isə bəzi idman növlərində kvotalar konkret idmançıların adına, digərlərində isə müəyyən çəki dərəcələri üzrə ayrıldı. Məsələn, bizim bir neçə idman növündə Avropa və dünya mükafatçılarımız olduğu halda, həmin idmançılar Yeniyetmələrin Olimpiya Oyunlarında iştirak edə bilməyəcəklər. Məncə, bu proses daha şəffaf və nəticələrə əsaslanan şəkildə təşkil olunmalı idi.
- Səfərdən əvvəl komanda üzvlərinin sağlamlığı ilə bağlı hansı tədbirlər görülüb? Peyvənd prosesi necə təşkil olunub?
- Milli Olimpiya Komitəsi olaraq komanda üzvlərinə vaxtında peyvənd olunmağı təklif etmişik. Nümayəndə heyətinin təxminən 90 faizi peyvənd olunub. Bəzi şəxslərə həkimlər tərəfindən peyvənd olunmaq məsləhət görülməyib, digərləri isə səfərə qısa müddət qaldığı üçün bu addımı atmaq istəməyiblər. Yəni sarı qızdırma ilə bağlı peyvəndlənmə imkanını da komandamız üçün təmin etmişik.
- Dakar-2026-ya hazırlıqla bağlı təşkilatçı ölkədəki vəziyyəti necə qiymətləndirirsiniz? Sizi narahat edən təşkilati məsələlər hansılardır?
- Sonuncu dəfə aprel ayında missiya rəhbərləri üçün keçirilən seminarda iştirak etmək məqsədilə Dakarda olmuşam. Həmin vaxtdan bəri bir sıra təşkilati məsələlərlə bağlı suallar yaranıb. Buna görə də yarışlar başlamazdan əvvəl yenidən gedərək vəziyyətlə yerində tanış olmaq, mövcud imkanları qiymətləndirmək və idmançılarımız üçün şəraiti daha da yaxşılaşdırmaq istəyirəm. Dakarla bağlı müəyyən çətinliklərin olacağını gözləyirik. Bəzi məsələlərin praktikada necə həll olunacağı hələ tam aydın deyil. Ancaq bizim üçün əsas olan idmançıların yarışlara rahat hazırlaşması, onların ehtiyaclarının təmin edilməsi və çıxışlarına mane ola biləcək problemlərin aradan qaldırılmasıdır. Milli Olimpiya Komitəsi tərəfindən komandamızın hazırlığı üçün zəruri işlər görülüb. İndi əsas məqsədimiz səfəri uğurla təşkil etmək və idmançılarımızın yarışlarda öz potensiallarını nümayiş etdirmələri üçün əlverişli şərait yaratmaqdır.
Bənzər xəbərlər
Azərbaycan komandası Dakar-2026-da 13 idmançı ilə mübarizə aparacaq
Seneqalın paytaxtı Dakarın ev sahibliyi edəcəyi Yeniyetmələrin IV Yay Olimpiya ... Ətraflı
Bakıda Dünya Atletikasının dəstəyi ilə seminar keçirilir
Azərbaycan Atletika Federasiyasının (AAF) təşkilatçılığı ilə məşqçilər üçün seminara start ... Ətraflı