Xəbərlər

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi yeni televiziya layihəsi təqdim edir

18 mart 2022 268

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi yeni televiziya layihəsi təqdim edir.

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) “Olimpiya Gündəliyi-2020” Komissiyası və “Space TV”nin birgə layihəsi olan “Qadın idmanda” televiziya proqramı martın 19-da 18:25-də nümayiş olunacaq.

MOK-un mətbuat xidmətindən  bildiriblər ki, ayda iki dəfə tamaşaçıların görüşünə gələcək proqramda idmanda bərabər təmsilçilik, qadınların idmanda qarşılaşdıqları çətinliklər və digər suallara cavab axtarılacaq.

“Space TV”nin efirində yayımlanacaq veriliş bütün dünyada mövcud olan “qadın idmanda” mövzusunun Azərbaycan cəmiyyətinə məxsus cəhətlərini araşdıracaq. İnsanların inandığı, tanıdığı məşhurlar vasitəsilə idmanın gözəlliyinə və əslində bunun qadını da gözəlləşdirə biləcəyinə diqqət çəkiləcək.

“Qadın idmanda” verilişində peşəkar idmançı, taekvondoçu Fəridə Əzizova özünü aparıcı kimi sınayacaq. Verilişin ilk buraxılışının qonağı MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə olacaq.

Qeyd edək ki, “Olimpiya Gündəliyi-2020” Komissiyası 2014-cü ildə qəbul olunub. Komissiya ötən il yenilənmiş strateji sənədin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə xidmət edir.