Xəbərlər

BOK-nin İdarə Heyətinin Rusiya idmançılarının Rio 2016 Olimpiya Oyunlarında iştirakı haqqında qərarı

25 iyul 2016 659

BOK-nin İdarə Heyəti (İH) bu gün Rusiya idmançılarının Rio 2016 Olimpiya Oyunlarında iştirakı məsələsini daha dərindən araşdırdı. Öz mühakimələrində BOK-nin İH Olimpiya nizamnaməsinin dopinqsiz idmançıları və idmanın dürüstlüyünü qorumaq kimi fundamental qaydasını rəhbər tutur.

Bu təhqiqat Prof. Riçard MakLaren tərəfindən tərtib olunan Dünya Anti-dopinq Agentliyinin (DADA) Müstəqil Nümayəndəsinin (MN) hesabatını; İdman Arbitraj Məhkəməsinin (İAM) Beynəlxalq Atletika Federasiyaları Birliyinin (BAFB) qaydaları haqqında 21 iyul 2016-cı il tarixli qərarını; habelə Olimpiya Nizamnaməsini və Dünya Anti-dopinq Məcəlləsini ehtiva edirdi.

Vəziyyətin təcililiyini və Rio 2016 Olimpiya Oyunlarının 12 gündən sonra başlayacağını, habelə idmançıların qeydiyyata alınması prosesinin artıq başlandığını nəzərə alaraq, BOK-nin İH Rusiya idmançılarının Rio de Janeyro Olimpiadasında iştirakı haqqında ilkin qərarı qəbul etməlidir. Prof. MakLaren öz hesabatında bəyan edir ki, o, “Müstəqil Nümayəndənin səlahiyyətlərini qismən həyata keçirir”. Məhz buna görə BOK onun öz işini davam etdirmək və tamamlamaq barədə xahişinə müsbət cavab verir. Digər tərəfdən, bu vəziyyət BOK-ni təcili surətdə fəaliyyət göstərməyə vadar edir və bu vəziyyətdən zərər çəkən idmançılar, rəsmi şəxslər və təşkilatların iştirakı ilə məhkəmə iclaslarının keçirilməsinə kifayət qədər vaxt ayırmağa imkan vermir.

BOK-nin İH Rusiya Olimpiya Komitəsinə (ROK) imkan yaradıb ki, o, Rusiya idmançıları və ROK-nin işini təqdim etsin. Bu, ROK-nin Prezidenti cənab Aleksandr Jukov tərəfindən İH ilə telefon konfransının əvvəlində yerinə yetirildi və o, öz təqdimatını etdikdən bilavasitə sonra həmin konfransı tərk etdi.

Öz təqdimatı əsnasında cənab Jukov izah etdi ki, Rusiya Federasiyası və ROK bu məsələnin üzərinə hər cəhətdən işıq salmaq üçün bütün beynəlxalq təşkilatlarla tam əməkdaşlıq edəcəyinə zəmanət verir. O, həm də zəmanət verdi ki, ROK Rusiya anti-dopinq sistemini tam və hərtərəfli surətdə yenidən qurmaq əzmindədir. Bu mənada o, vurğuladı ki, ROK idman sahəsində dopinqdən istifadəni aradan qaldırmaq əzmindədir və o, Rusiyada dopinqsiz idmanın təmin edilməsi istiqamətində fəaliyyət göstərəcək.

Bundan əlavə, o, bəyan etdi ki, Rio 2016 Olimpiya Oyunları üçün seçilən bütün Rusiya idmançıları son altı ay ərzində xarici anti-dopinq agentlikləri tərəfindən yoxlanıb. Əcnəbi dopinq yoxlayan mütəxəssislər tərəfindən nümunələr götürülüb və həmin nümunələr xarici laboratoriyalarda analiz olunub. Bütün idman növləri üzrə müxtəlif yarışlarda iştirak edən rus idmançılar 3.000-dən çox dopinq nümunəsi təqdim edib. Nəticələrin böyük əksəriyyəti mənfi olub.

BOK-nin İH ROK-nin vəziyyətini müzakirə etdi. Bununla əlaqədar olaraq o, belə bir faktı nəzərə aldı ki, MN-nin hesabatında bir təsisat kimi ROK-nin əleyhinə heç bir tapıntı qeydə alınmayıb.

BOK-nin İH Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (BAİF) 23 iyul 2016-cı il tarixli məktubunu nəzərə aldı. Həmin məktubda BAİF atıcılığa dair üç “nümunənin yoxa çıxdığı” barədə DADA-dən məlumat aldığını təsdiqləyir. BAİF bəyan edir ki, həmin üç nümunə yoxa çıxdıqları məruzə edildiyi vaxtda müsbət nəticəli nümunələr kimi DADA-nin ADAMS Nəticələrin idarə olunması sisteminə daxil edilmişdi və bütün nəticə idarəetmə əməliyyatları artıq yerinə yetirilmişdi.

MN-nin Hesabatının tapıntılarına əsasən belə hesab olunur ki, Rio 2016 Olimpiya Oyunlarında iştirak etmək üçün qeydiyyata düşmək istəyən bütün rus idmançılar anti-dopinq sisteminin pozulması və saxtalaşdırılmasıdan zərər çəkiblər. MN-nin hesabatında qeyd olunur ki, “vaxt cədvəli çox məhdud olduğuna görə” MN “mövcud geniş məlumatdan yalnız səthi şəkildə istifadə edib”. Buna görə də BOK-nin İH belə qərara gəlib ki, bu qərar yalnız MN-nin hesabatında qeyd olunan Yay Olimpiadasının 20 idman növünün idmançılarına şamil oluna bilməz.

Bu müstəsna şəraitdə, Yay Olimpiadasının 28 idman növünün hər hansı biri üzrə ixtisaslaşan rus idmançıları Olimpiya yarışlarının etibarlılığını qorumaq məqsədilə kollektiv məsuliyyətə aid olan nəticələri qəbul etməlidir və onlara “günahsızlıq prezumpsiyası” tətbiq oluna bilməz. Digər tərəfdən, təbii ədalət hüququnun qaydalarına uyğun olaraq, hər bir insanın bəhrələnə bilməli olduğu fərdi ədalət hüququ tətbiq olunmalıdır. Bu, o deməkdir ki, hər bir zərər çəkən idmançının öz fərdi təhqiqat işində kollektiv məsuliyyətin tətbiq edilə bilməsi əleyhinə etiraz etməsinə imkan verilməlidir.

Müəyyən müzakirələrdən sonra BOK-nin İH aşağıdakı qərarı qəbul etdi:

  1. Hər hansı rus idmançısı aşağıdakı şərtlərə uyğun gəlməyənə qədər, BOK həmin idmançının Rio 2016 Olimpiya Oyunlarında iştirak üçün qeydiyyata alınmasına razılıq verməyəcək.
  2. Hər hansı idmançının qeydiyyata alınmasına BOK tərəfindən yalnız o halda razılıq veriləcək ki, həmin idmançı aşağıdakı meyarlar barəsində öz Beynəlxalq Federasiyasını (BF) tam qane edən sənədli dəlillər təqdim edə bilsin:
  • BF-lar* iştirak hüququna malik olan rus idmançıları qrupunu müəyyən edərkən Dünya Anti-dopinq Məcəlləsini və Olimpiya Zirvə görüşündə (21 iyun 2016-cı il) təsdiqlənən digər qaydaları tətbiq etməlidir.
  • Müsbət nəticəli milli anti-dopinq yoxlamasının mövcud olmaması BF-lar tərəfindən kafi hesab oluna bilməz.
  • BF-lar bərabər rəqabət mühitini təmin etmək məqsədilə yalnız etibarlı və mövcud tələbatı tam ödəyən beynəlxalq yoxlamaları və idmançının idman növünün və onun qaydalarının xüsusiyyətlərini nəzərə alaraq hər idmançının anti-dopinq sənədinin fərdi təhlilini yerinə yetirməlidir.
  • BF-lar MN-nin hesabatında verilən məlumatı yoxlamalıdır və bu məqsədlə aidiyyəti olan idmançıların və Milli Federasiyaların (MF-lar) adlarını öyrənmək üçün DADA-nə müraciət etməlidir. İdmançı, rəsmi şəxs və ya MF olmasından asılı olmayaraq, aidiyyəti olan heç bir kəsin Olimpiya Oyunlarında iştirak üçün qeydiyyatdan və ya akkreditasiyadan keçməsinə icazə verilə bilməz.
  • BF-lar həm də bütöv MF-ların cəzalandırılmasına dair öz müvafiq qaydalarını tətbiq etməlidir.
  1. ROK-nin nə vaxtsa dopinqə görə cəzalandırılan hər hansı idmançını Rio 2016 Olimpiya Oyunlarında iştirak üçün qeydiyyatdan keçirməsinə icazə verilmir, hətta həmin idmançı öz cəzasını çəkmiş olsa belə.
  2. BOK ROK-nin öz idmançısını qeydiyyatdan keçirməsinə yalnız o halda razılıq verəcək ki, həmin idmançının BF-sı təqdim olunan sənədli dəlillərin yuxarıdakı 2 və 3-cü şərtlərə uyğun gəldiyini təsdiqləsin və Rio 2016 Olimpiya Oyunlarının həyata keçirilməsində iştirak edən hər hansı idman təşkilatından asılı olmayan, İdman üzrə Beynəlxalq Arbitraj Məhkəməsinin (İBAM) hər hansı üzvü tərəfindən təyin edilən İdman üzrə Arbitraj Məhkəməsinin (İAM) arbitrlərinin siyahısına daxil olan hər hansı ekspert tərəfindən qəbul olunsun.
  3. Yekun etibarilə BOK tərəfindən qəbul olunan hər hansı rus idmançısının qeydiyyatdan keçirilməsi müvafiq BF və DADA ilə birlikdə əlavə, sağlam və qərəzsiz yoxlama proqramının tətbiq edilməsi şərti ilə həyata keçiriləcək. Bu proqramın tətbiq edilməsi üçün hər hansı şəraitin təmin edilməməsi akkreditasiya icazəsinin BOK tərəfindən dərhal geri götürülməsinə əsas verəcək.

Bu qərarlardan əlavə, BOK-nin İH artıq 19 iyul 2016-cı ildə qəbul edilən şərti tədbirləri bir daha təsdiqlədi. Həmin şərtlər 31 dekabr 2016-cı ilədək qüvvədə qalacaq və 2016-cı ilin dekabrında İH tərəfindən nəzərdən keçiriləcək.

MN-nin yekun hesabatından və BOK-nin 19 iyul 2016-cı ildə təsis edilən və cənab Qay Kanivetin (BOK-nin Etika Komissiyasının Sədr müavini, Fransa Konstitusiya Məhkəməsinin sabiq üzvü və Fransa Kassasiya Məhkəməsinin Prezidenti) sədrliyi altında fəaliyyət göstərən İntizam Komissiyası və BOK-nin İH tərəfindən lazımi məhkəmə proseduralarının yerinə yetirilməsindən sonra BOK tərəfindən əlavə cəzalar və tədbirlər təyin edilə bilər.

BOK-nin İH dopinq əleyhinə mübarizə sahəsində aşkar çatışmazlıqların olmasından ciddi narahatlıq keçirdiyini bir daha vurğulayır. Buna görə də BOK DADA-ni bir daha öz anti-dopinq sistemini tam yoxlamağa çağırır. BOK daha dəqiq öhdəliklər, daha çox şəffaflıq, daha yaxşı nəzarət qaydaları və daha çox müstəqillik təmin etmək üçün tədbirlər təklif etməklə, bu yoxlamaya öz töhfəsini verəcək.

* BAFB rus idmançılar barəsində iştirak hüququna malik olan idmançılar qrupunu artıq müəyyən edib.

II.

BOK-nin İH Rusiyalı yüngül atlet xanım Yuliya Stepanovanın Rio 2016 Olimpiya Oyunlarında “neytral idmançı” qismində iştirak etməsi haqqında ərizəsini daha dərindən araşdırıb. Xanım Stepanova ROK komandasının üzvü kimi yarışlarda iştirak etməkdən imtina etdi və BOK-nin İH Olimpiya Nizamnaməsinin qaydalarından hər hansı istisna etməyin mümkün və məqsədəuyğun olub olmadığını araşdırmalıdır. Bu ərizənin mühüm etik cəhətləri olduğun görə, BOK-nin İH BOK-nin Etika Komissiyasından məsləhət istədi. Etika Komissiyası xanım Stepanovanı, habelə BAFB və ROK nümayəndələrini dinlədi.

Xanım Stepanova DADA-da akkreditasiyadan keçən Moskva Anti-Dopinq Laboratoriyası, habelə Ümumrusiya Atletika Federasiyası (ÜRAF) və BAFB-nin iştirakı ilə həyata keçirilən anti-dopinq sisteminin saxtalaşdırılması və korrupsiya əməllərini hüquq-mühafizə orqanlarına “xəbər verdiyinə” arxalanaraq, həmin ərizəni verdiyini bildirir. Etika Komissiyası xanım Stepanovanın dopinq əleyhinə mübarizəyə verdiyi töhfəni alqışlayır. O, bu töhfəni nəzərə almaqla yanaşı, həm də xanım Stepanovanın özünün ən azı beş il ərzində həmin dopinq sisteminin fəaliyyətində iştirak etdiyini və onun ilk dəfə dopinqə görə cəzalandırılmasına əsas verən müsbət nəticəli yoxlamadan sonra həmin sistemin onu artıq qorumadığı bir vaxtda hüquq-mühafizə orqanlarına həmin sistemin saxtalaşdırılması və korrupsiya əməlləri barədə xəbər verdiyini nəzərə alır.

Dəlillərin dəqiq qiymətləndirilməsindən sonra Etika Komissiyası BOK-nin İH-nə aşağıdakı məsləhəti verdi:

“Hərçənd xanım Stepanovanın verdiyi ifadələrin və ictimai bəyanatların dopinqsiz idmançıların qorunmasına və təşviq edilməsinə, ədalətli oyunlara və idmanın dürüstlüyü və həqiqiliyinə töhfə verməsi bir həqiqətdir, lakin Olimpiya Nizamnaməsinin Olimpiya Oyunlarının təşkilinə aid olan qaydaları neytral idmançı statusunun tanınmasının əleyhinə çıxış edir. Bundan əlavə, onun məruz qaldığı cəza tədbiri və onun özü dopinq istifadə etdiyi halda onun dopinqdən istifadə hallarının üstünü açması hər hansı idmançının Olimpiya Oyunlarında iştirak məqsədilə qeydiyyatdan keçmək üçün yerinə yetirməli olduğu etik tələblərə uyğun gəlmir.”

BOK-nin İH həm də BOK-nin Etika Komissiyasının əvvəllər dopinqə görə cəzalandırılan hər hansı rus idmançısının Rio 2016 Olimpiya Oyunlarında iştiraka buraxılmaması barədə yuxarıda qeyd olunan qərarını nəzərə alaraq, BOK-nin Etika Komissiyasının bu məsləhətini qəbul etdi. Buna görə də, BOK xanım Stepanovanı Rio 2016 Olimpiya Oyunlarında yarış iştirakçısı kimi qeydiyyatdan keçirməyəcək.

Lakin BOK-nin İH xanım Stepanovanın dopinq əleyhinə və idmanın dürüstlüyü naminə mübarizəyə verdiyi töhfəni yüksək qiymətləndirdiyini bildirmək istərdi. Buna görə də BOK xanım Stepanovanı və onun həyat yoldaşını Rio 2016 Olimpiya Oyunlarına dəvət edir. Bundan əlavə, BOK xanım Stepanovanın öz idman karyerasını davam etdirə bilməsi üçün və hər hansı Milli Olimpiya Komitəsinə üzv ola bilməsi üçün onu dəstəkləməyə hazırdır.

Lozanna, 24 iyul 2016-cı il