Xəbərlər

Bu gün Tokio Olimpiadasının açılış mərasimi keçiriləcək

23 iyul 2021 910

Bu gün Bakı vaxtı ilə saat 15:00-da Yaponiyanın paytaxtı Tokioda Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib. Koronavirus pandemiyası səbəbindən ötən il təxirə salınmış Oyunlar sayca XXXII olacaq.

 

Olimpiadada 205 ölkə və qaçqınlardan ibarət komandanı təmsil edən 11300-dən artıq idmançı mübarizə aparacaq. Oyunlarda 33 idman növü üzrə 339 dəst medal öz sahiblərini tapacaq. Diametri 60 millimetr, qalınlığı isə 3 millimetr olan medallar təkrar istehsal əsasında hazırlanıb. Onun bir üzündə italiyalı rəssam Qassolinin çəkdiyi "Zəfər tanrı"sı, digər tərəfində isə təşkilatçı ölkənin emblemi həkk olunub.

 

"Discover Tomorrow" ("Sabahı kəşf et") şüarı ilə təşkil olunacaq olimpiadanın açılışı Yaponiya Milli Stadionunda reallaşacaq. Tokio-2020-nin maskotunu məktəbli uşaqlar seçiblər. Seçim prosesi 16 769 məktəb və 205 755 sinfin iştirakı ilə keçirilib. Maskotun adı "Miraitowa", yəni "Gələcək və sonsuzluq"dur. Bu ad insanların qəlbində gələcəyə sonsuz ümidi ifadə edir.

 

Mövcud vəziyyətlə əlaqədar ilk dəfə azarkeşsiz keçiriləcək Oyunlarda hər bir idman növü üzrə yarışlar zamanı əvvəlki olimpiadaların səsli müşayiətindən istifadə olunacaq. Yarışlar 41 fərqli idman obyektində gerçəkləşəcək. 

 

Oyunlarda ilk dəfə kişi və qadın olmaqla, iki bayraqdar olacaq. Azərbaycan yığmasında bu funksiyanı cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova yerinə yetirəcək.

 

Tokio Olimpiadasında Azərbaycanı ümumilikdə 44 idmançı təmsil edəcək. Oyunlar 8 avqustda başa çatacaq.