Xəbərlər

Dənizkənarı Bulvarda “Beynəlxalq Olimpiya Günü” keçirildi

11 iyun 2016 295

11 iyun 2016-cı il tarixində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin dəstəyi ilə Dənizkənarı Bulvarda “Beynəlxalq Günü” keçirildi. Müasir Olimpiya hərəkatının yaranması və Beynəlxalq Olimpiya Komitəsinin təsis olunması münasibətilə Olimpiya bayramında estafet yarışları təşkil edildi.

Tədbirin əsas məqsədi Olimpiya hərəkatı və sağlam həyat tərzinin geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqlar və gəncləri Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.

Olimpiya bayramının tərəfdaşları olan Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, “Coca-Cola” şirkəti, “Bir” tələbə könüllü proqramı, İstək liseyi, “Mur&Marya” bloqunun nümayəndələri tədbirdə iştirak edirdi.

MOK-un vitse prezidenti Çingiz Hüseynzadə qeyd etdi: “Milli Olimpiya Komitəsi 1996-cı ildən Beynəlxalq Olimpiya Gününü hər il qeyd edir və bu gün aramızda olan fəal gənclərin idmana olan marağı bizləri sevindirir. Coca-Cola şirkəti ilə biz Azərbaycanda sağlam həyat tərzinin təşviqi və idmanın inkişafı sahəsində 1996-cı ildən əməkdaşlıq edirik. Belə möhtəşəm tədbirin keçirilməsində aidiyyatı bütün hökumət, idman və qeyri-idman qurumlarına, tədbirin təşkilatçılıq işlərində könüllü kimi iştirak edənlərə xüsusi təşəkkürmü bildirirəm.”

“Olimpiya Günü”nün fəxri qonağı olan, Milli Olimpiya Səfiri, Olimpiya çempionu Rəfiqə Şabanova da, öz çıxışında, fiziki aktivliyin gündəlik həyatda vacib rolundan danışdı.

Beynəlxalq Olimpiya Günündə 100-ə yaxın məktəbli və tələbə yarışda iştirak etmişlər. Yarışlarda ilk üç yeri tutan iştirakcılar xüsusi mükafatlar və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) diplomları ilə təltif olunmuşlar. Bütün iştirakçılar BOK-nin qaçışda iştirakı təsdiq edən sertifikatını almışlar.

Xatırladaq ki, Müasir Olimpiya Oyunlarının banisi fransız maarifçi baron Pyer de Kubertendir. 23 iyun 1884-cü ildə Sobron UniversitetindəKuberten tərəfindən təşkil edilən Beynəlxalq Paris Konqresində rəsmi olaraq Olimpiya Hərəkatı və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yaradılması elan edilmişdir.

1947-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Stokholmda keçirilən 41-ci sessiyasında BOK-un Çexoslovakiyadan olan üzvü doktor Qruss Dünya Olimpiya günü bayramını keçirmək təklifi ilə çıxış edərək, hər il belə bir günün qeyd olunmasının Olimpiya ideallarının təbliğində mühüm rol oynayacağını əsaslandırmışdır. Onun təklif etdiyi layihə bəyənilmiş və Beynəlxalq Olimpiya Komitəsinin 1948-ci ilin yanvarında Sankt-Moritsdə keçirilmiş 42-ci sessiyasında Olimpiya gününün keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Sessiya Olimpiya günü bayramını iyunun 17-dən 24-nə qədər olan müddətdə qeyd etməyi məqsədəuyğun saymışdır. Bu tarixin seçilməsinin səbəbi Beynəlxalq Olimpiya Komitəsinin yaradılması günü – yəni iyunun 23-də qeyd olunması idi.

Birici Olimpiya günü 1948-ci il iyunun 23-də dünyanın doqquz ölkəsində – Portuqaliya, Yunanıstan, Avstriya, Kanada, İsveçrə, Böyük Britaniya, Uruqvay, Venesuela və Belçikada qeyd olunmuşdur. Həmin gün Beynəlxalq Olimpiya Komitəsini prezidenti Ziqfrid Edstrom dünyanın bütün gənclərinə müraciətlə çıxış etmişdir. Sonralar Beynəlxalq Olimpiya Komitəsi prezidentinin Olimpiya günü ərəfəsində bayram iştirakçılarına müraciət etməsi ənənə şəklini almışdır.