Xəbərlər

Eldəniz çempion oldu, Taleh gümüş, Sənanla İslam bürünc medal qazandı

02 aprel 2022 191

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.

Yarışın 5-ci günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Eldəniz Əzizli (55 kq) yarışa 1/4 finaldan start verib. Titullu güləşçimiz rumıniyalı Denis Mihaya ilk hissədə tam üstünlüklə qalib gəlib - 8:0. Eldəniz yarımfinalda erməni Rudik Mkrtçyana da gücünü göstərib. Rəqibini 7:3 hesabıyla xalçadan məyus yola salan təcrübəli pəhləvanımız 4 illik fasilədən sonra ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Əzizli həlledici görüşdə gürcüstanlı Nuqzari Tsurtsumia ilə qarşılaşıb. Güləşçimiz karyerası boyunca dəfələrlə qalib gəldiyi rəqibi növbəti dəfə məğlubiyyətə uğradaraq (8:2) dörd illik fasilədən sonra ikinci dəfə Avropa çempionu olub. Mükafatlandırma mərasimində güləşçilərə medalları Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyev və Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə təqdim edib.

Taleh Məmmədov (63 kq) yarışa 1/4 finaldan qoşulub. Təcrübəli pəhləvanımız türkiyəli Ahmet Uyardan üstün olub - 5:1. Taleh yarımfinalda erməni Qraçya Poqosyanla qarşılaşıb. Gərgin keçən görüşün ikinci hissəsində uğurlu "çevirmə" fəndi Məmmədova qələbə qazandırıb - 3:1. Beləliklə, Taleh də ikinci dəfə AÇ-nin finalında güləşmək hüququ qazanıb. Həmyerlimiz finalda gürcü Leri Abuladzeylə güləşib və rəqibinə 1:3 hesabıyla məğlub olaraq Avropa çempionatını gümüş medalla başa vurub. 

Sənan Süleymanov (77 kq) 1/8 finalda rumıniyalı İlye Koyokariyə heç bir şans tanımayıb - 9:0. Süleymanov növbəti mərhələdə erməni dünya çempionu Malxas Amoyanla gərgin keçən görüşdə minimal fərqlə (6:5) uduzub. Rəqib finala yüksəldiyi üçün Sənan təsəlliverici görüşdə iştirak hüququ əldə edib. Litvalı Mantas Sinkeviçyusa ilk hissədə tam üstünlüklə (8:0) qalib gələn Süleymanov bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Həmyerlimiz həlledici görüşdə isveçli Albin Olofssonla qarşılaşıb və 5:0 hesablı qələbəylə Avropa çempionatının bürünc medalına sahib çıxıb. 

İslam Abbasov (87 kq) ilk mərhələdə xorvat Matey Mandiçə minimal fərqlə (4:3) qalib gəlib. Həmyerlimiz 1/4 finalda serbiyalı dünya çempionu və Tokio Olimpiadasının bürünc medalçısı Zurabi Datunaşviliylə gərgin keçən mübarizədən 5:3 hesablı qələbəylə ayrılaraq adını yarımfinala yazdırıb. İslam final yolunda rumıniyalı Niku Samuel Oyoqla güləşib. İlk hissənin əvvəllərində əks-fənddə yaxalanan Abbasov məğlubiyyətdən qaça bilməyib. Güləşçimiz bürünc medal uğrunda bolqar Yoan Dimitrovla mübarizə aparıb və 5:1 hesablı qələbəylə Avropa üçüncüsü olub.

Beka Kandelaki (130 kq) Avropa çempionatına inamlı qələbəylə start verib. Təmsilçimiz ilk görüşdə ukraynalı Mixaylo Vişnivetskiyə vaxtından əvvəl (10:0) qalib gəlib. Kandelaki 1/4 finalda erməni David Ovasapyan 5:1 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Beka finalın bir addımlığında dəfələrlə dünya və Avropa çempionu olmuş, 3 qat olimpiya medalçısı Rza Kayaalpla (Türkiyə) qarşılaşıb. Tərəflər görüş ərzində yalnız hərəyə 1 cərimə xalı qazanıb. Sonuncu xalı rəqib əldə etdiyi üçün təmsilçimiz ümidini bürünc medala bağlayıb Ancaq macarıstanlı Attilla Vitekə 1:4 hesabıyla uduzan Kandelaki 5-ci yerlə kifayətlənib.

Beləliklə, yunan-Roma güləşçilərimiz AÇ-yə 1 qızıl, 1 gümüş və 2 bürünc medalla start verib.