Xəbərlər

“Euronews” telekanalı Azərbaycanda keçirilən “Böyük dəbilqə” turnirinin yekunları haqqında reportaj yayımlayıb

19 fevral 2024 161

“Euronews” telekanalı Azərbaycanda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin yekunları haqqında reportaj yayımlayıb.

Reportajda turnirin ev sahibləri olan azərbaycanlı idmançıların yarışın son günündə qızıl və gümüş mükafatlar qazandıqları qeyd edilib. Materialda diqqətə çatdırılıb ki, cüdo üzrə "Böyük dəbilqə" turnirinin üçüncü - sonuncu günündə bu idman növünün çoxlu gənc həvəskarları Milli Gimnastika Arenasında planetin ən yaxşı cüdoçularının çıxışlarını izləməyə gəliblər.

“Euronews” məlumat verib ki, turnirin son günü 90 kiloqram çəki dərəcəsində keçirilən finalda Azərbaycan təmsilçisi Murad Fətiyev macarıstanlı Kristian Totu məğlub edib. Bu, onun “Böyük dəbilqə” yarışlarında ilk qələbəsidir. İdmançı deyib: "İctimaiyyət, tamaşaçılar mənə çox dəstək oldular, bəlkə də onların dəstəyi sayəsində belə bir nəticə əldə etdim. Artıq üç qızıl medalımız var və inanırıq ki, növbəti finalda daha bir qızıl medalımız olacaq”.

Reportajda bildirilib Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov qalibə və podiumda yer alan digər idmançılara medalları təqdim edib.

Reportajda turnirin digər ölkələrdən olan qalibləri haqqında da məlumat verilib.

Sonda qeyd olunub ki, Azərbaycan cüdoçuları parlaq qələbələri ilə tamaşaçıları sevindirib, ən çox mükafatı onlar qazanıblar.